Dünya
İran casusluqda ittiham olunan ABŞ vətəndaşını azad etdi
İran hökuməti casusluqda ittiham olunan ABŞ vətəndaşı Dena Kararinin İslam Respublikasını tərk etməsinə icazə verib. Oxu.Az xəbər verir ki, bu barədə onun vəkili Cared Qenser məlumat yayıb. "Məmnuniyyətlə bildirirəm ki, 2024-cü ilin dekabrından uydurma ittihamlara görə İranı tərk edə bilməyən müvəkkilim Dena Karari artıq azaddır", - deyə o, "X" sosial şəbəkəsində yazıb. Qenser Kararinin ABŞ-yə qayıtdığını diqqətə çatdırıb. "The New York Times" qəzeti Qenserə istinadən qeyd edib ki, Karari İslam Respublikasında casusluq və düşmən dövlətlə əməkdaşlıqda günahlandırılıb. Nəşrin məlumatına görə, o, həm ABŞ, həm də İran vətəndaşlığına malikdir. Prezident Donald Tramp bir müddət əvvəl bildirmişdi ki, İran xoşməramlı addım kimi 2024-cü ildə saxlanılan ABŞ vətəndaşının ölkədən çıxmasına razılıq verib. O, qadının adını çəkməsə də, İran tərəfinə minnətdarlığını ifadə edib: "İran 2024-cü ilin dekabrında, yuxulu Co Baydenin prezidentliyi dövründə qanunsuz olaraq saxlanılan ABŞ vətəndaşının ölkəni tərk etməsinə imkan yaratdı. Hazırda o, təhlükəsiz yerdədir və vəziyyəti yaxşıdır. Amerika Birləşmiş Ştatları İranın bu xoşməramlı jestini yüksək qiymətləndirir".
Mənbə
oxu.az