Dünya
ABŞ-də ər-arvad övladlığa götürdükləri qızı üç il bağlı otaqda saxlayıblar - FOTO
ABŞ-də hüquq-mühafizə orqanlarının əməkdaşları övladlığa götürdükləri 12 yaşlı qızla qəddar rəftarda ittiham olunan cütlüyü həbs ediblər. Oxu.Az xəbər verir ki, bu sarsıdıcı insident barədə məlumatı "People" jurnalı dərc edib. Araşdırmalar nəticəsində bəlli olub ki, Cennifer və Coel Konert adlı şəxslər uşağı üç il müddətində sanitar qovşağı olmayan kilidli məkanda saxlayıblar. Qızın ifadəsinə əsasən, o, təbii ehtiyaclarını paltarına etməyə, daha sonra isə öz geyimlərini yumağa məcbur olub. Azyaşlı şişmə döşək üzərində yatmağa məcbur edilib. Onun saxlanıldığı otağın qapısı, sadəcə, xaricdən kilidlənib və pəncərələrin açılması da mümkün olmayıb. Həmçinin məkanda kənar səsləri eşitməyə mane olan xüsusi səsboğucu generator quraşdırılıb. Vaxtaşırı uşağın həyətyanı sahədə çimməsinə icazə verilib. Lakin ər-arvadın doğma olan digər altı övladı tam fərqli mühitdə böyüyüb. Bioloji uşaqların hamısı standartlara uyğun şəraitdə - təmiz otaqlarda, şəxsi əşyalar və oyuncaqlarla təmin edilərək yaşayıb. İstintaq gedişatında qızın, həmçinin fiziki təzyiqlə üzləşdiyi də təsdiqini tapıb. Belə ki, istintaq tədbirləri başlamazdan bir həftə öncə Cennifer azyaşlının saçından çəkərək onun sifətinə zərbə endirib.
Mənbə
oxu.az