Dünya
Cənub Delta Akvaridləri meteor axını üfüqi istiqamətdə görünəcək
"İyulun 30-dan 31-nə keçən gecə maksimum fəallığı gözlənilən Cənub Delta Akvaridləri digər "ulduz yağışlarından" fərqli olaraq, səmada demək olar ki, üfüqi istiqamətdə hərəkət edən meteorlarla seçiləcək". Oxu.Az xəbər verir ki, bu barədə rusiyalı astronom Yevgeni Burmistrov məlumat verib. Onun sözlərinə görə, bu meteor axınının əsas xüsusiyyəti ondan ibarətdir ki, meteorlar səmada yuxarıdan aşağı deyil, üfüq boyunca yan istiqamətdə hərəkət edirmiş kimi görünəcək. "Bunun səbəbi meteor axınının radiantının cənub-şərq üfüqü üzərində çox aşağı mövqedə yerləşməsidir. Nəticədə meteorlar atmosferdə daha uzun məsafə qət edir və onların işıqlı izi adi meteor axınları ilə müqayisədə daha uzun müddət görünür", - deyə alim bildirib. Mütəxəssisin sözlərinə görə, bu meteor axınının mənbəyi 1986-cı il mayın 12-də həvəskar astronom Donald Maksholts tərəfindən kəşf edilmiş 96P/Maksholts kometasıdır. Bu kometa qısaperiodlu kometalar sinfinə daxildir. Onun Günəş ətrafında tam dövr etməsi təxminən 5.2 il çəkir. Alim izah edib ki, kometa Günəşə yaxınlaşdıqca buz nüvəsi qızır və buz birbaşa qaz halına keçir. Bu proses sublimasiya adlanır. Ayrılan qazlar kometanın toz hissəciklərini də özü ilə apararaq orbit boyunca yayır və nəticədə meteor axını əmələ gəlir. İyulun 30-dan 31-nə keçən gecə Cənub Delta Akvaridləri meteor axınının intensivliyi saatda 25-ə qədər meteor təşkil edə bilər. Bu hadisəni müşahidə etmək üçün şəhər işıqlarından uzaq, qaranlıq ərazi seçmək və havanın açıq olması tövsiyə olunur. Meteorları izləmək üçün teleskop və ya digər optik avadanlıq tələb olunmur; onları adi gözlə görmək mümkün olacaq.
Mənbə
oxu.az