Dünya
Botsvanada çəkisi 1300 karatdan çox olan almaz tapılıb
Botsvananın şimal-şərqində zərgərlik keyfiyyətinə malik 1 305 karatlıq almaz çıxarılıb. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Kanadanın "Lucara Diamond Corporation" mədən şirkətinin rəhbəri Uilyam Lemb məlumat verib. "Almaz bizim tərəfimizdən Karove mədənində əldə edilib. Bu, həmin mədəndə çıxarılan 1 000 karatdan çox çəkisi olan sayca onuncu almazdır", - deyə o bildirib. Almaz süxurdakı iri daşları müəyyən edən "Mega Diamond Recovery" rentgen qurğusunun köməyi ilə aşkar edilib. Karove mədəni 2012-ci ildə tam istehsal gücünə çatıb. Mədən nəhəngölçülü almazları ilə tanınır. Buradan "Lesedi La Rona" (1 109 karat), "Sewelo" (1 758 karat) və "Motswedi" (2 488 karat) kimi məşhur almazlar çıxarılıb. Botsvana Afrikanın ən böyük almaz istehsalçısıdır.
Mənbə
oxu.az