Dünya
Peter Siyarto Macarıstan parlamentindən gedir: BYD şirkətində vəzifəyə təyin edilib
Macarıstanın keçmiş XİN başçısı Peter Siyarto parlamentin deputatı postundan gedir. Oxu.Az xəbər verir ki, sabiq nazir Çinə məxsus BYD avtomobil korporasiyasında rəhbər postlardan birini tutmaqla bağlı təklif aldığını bəyan edib. "Parlament üzvü səlahiyyətlərindən imtina etməyim barədə ərizə təqdim etdim. Buna səbəb dünya iqtisadiyyatının əsas şirkətlərindən birində beynəlxalq vəzifə tutmaq üçün olduqca nüfuzlu təklif almağım olub. BYD şirkəti son 20 ildə avtomobil sənayesində uğurun ən parlaq nümunələrindən biri və yeni enerji mənbələri ilə işləyən nəqliyyat vasitələrinin aparıcı dünya istehsalçısıdır", - deyə Siyarto "Facebook" hesabında qeyd edib. Keçmiş nazir aydınlaşdırıb ki, yeni iş yerində "şirkətlər qrupunun xarici əlaqələrinə və yeni biznes sahələrinin inkişafına cavabdeh olan rəhbər" kimi fəaliyyət göstərəcək. Xatırladaq ki, BYD Avropa məkanında elektromobil istehsal edən ilk müəssisəsini Macarıstanın Çonqrad-Çanad vilayətinə daxil olan Seqed şəhərində inşa edib. Öz növbəsində Siyarto həmin layihənin reallaşmasına siyasi müstəvidə aktiv şəkildə dəstək verib.
Mənbə
oxu.az