Dünya
ABŞ İrana qarşı genişmiqyaslı əməliyyatlara başlayır?
ABŞ Prezidenti Donald Tramp öz administrasiyasının əsas rəsmiləri ilə İrana qarşı hərbi əməliyyatların miqyasının genişləndirilməsi ehtimalını müzakirə edib. Əsas məqsəd Tehranı Vaşinqtonun tələbləri ilə razılaşmağa məcbur etməkdir. Oxu.Az xəbər verir ki, bu barədə "Axios" portalı öz mənbələrinə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, iyulun 14-də Ağ Evin vəziyyət otağında Trampın iştirakı ilə bu məsələyə dair xüsusi müşavirə keçirilib. Toplantıda ABŞ qüvvələrinin hazırda Hörmüz boğazı yaxınlığında endirdiyi zərbələrdən daha genişmiqyaslı əməliyyatların İranda həyata keçirilməsi müzakirə olunub. Məqalədə vurğulanır ki, Tramp İranı Hörmüz boğazını açmağa və nüvə sahəsindəki tələblərə boyun əyməyə vadar edəcək qədər ziyan vurmaq məqsədilə müharibədə eskalasiyaya hazır görünür. Portalın məlumatına əsasən, görüşdə ABŞ-nin vitse-prezidenti Cey Di Vens, dövlət katibi Marko Rubio, Pentaqon rəhbəri Pit Heqset, ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn, MKİ direktoru Con Retkliff, xüsusi nümayəndə Stiv Uitkoff və digər rəsmilər iştirak ediblər. Hörmüz boğazındakı İran hədəflərinə edilən hücumlara əlavə olaraq, İrandakı strateji obyektlərə dağıdıcı zərbələrin endirilməsi imkanları nəzərdən keçirilib. Daha əvvəl "Fox News" telekanalına verdiyi müsahibəsində Tramp bildirib ki, Tehran danışıqlara razılaşmasa, Birləşmiş Ştatlar İranın bütün körpülərini və elektrik stansiyalarını məhv etməyə hazırdır. O bu cür zərbələrin gələn həftə həyata keçirilə biləcəyini diqqətə çatdırıb. Tramp, həmçinin qeyd edib ki, zərurət yaranarsa, ABŞ İranın dəniz suyunu şirinləşdirən qurğularını da vura bilər.
Mənbə
oxu.az