Dünya

"Adını unutdum, yerini tapmadım" - Yaddaşın bizə verdiyi ciddi siqnallar

15 Jul 2026, 05:32 3 baxış
"Adını unutdum, yerini tapmadım" - Yaddaşın bizə verdiyi ciddi siqnallar
"Hərdənbir yaranan unutqanlıq hər zaman xəstəlik əlaməti sayılmır. Yaddaşa stres, düzgün olmayan yuxu rejimi, fiziki hərəkətsizlik, bəzi dərman preparatlarının qəbulu və vitamin çatışmazlığı da təsir edə bilər". Oxu.Az xəbər verir ki, bu barədə nevroloq Yekaterina Demyanovskaya RT-yə açıqlamasında bildirib. Mütəxəssis qeyd edib ki, yaddaşla bağlı çətinliklər insanın peşə fəaliyyətinə və gündəlik həyat tərzinə mənfi təsir göstərməyə başladıqda artıq narahat olmağa dəyər. Nevroloq təhlükəli siqnallar sırasına mütəmadi olaraq önəmli görüşlərin yaddan çıxmasını, yaxın keçmişdəki danışıqların unudulmasını, eyni sualların təkrar verilməsini, əşyaların tez-tez itirilməsini və ya bəsit tapşırıqların yerinə yetirilməsində yaranan çətinlikləri daxil edib. Həkimin sözlərinə görə, yaddaşın zəifləməsini xəstənin özü çox vaxt hiss etmir. Dəyişikliklər tədricən inkişaf etdiyi və tənqidi yanaşmanın zəifləməsi fonunda baş verdiyi üçün bu problemi adətən ilk olaraq ailə üzvləri, dostlar və ya iş yoldaşları fərq edirlər. Nevroloq məkan və zaman oriyentasiyasının itirilməsini də ciddi əlamətlərdən biri kimi qiymətləndirib. Belə vəziyyətdə xəstə tanış küçələrdə azır, həftənin günlərini və ya tarixləri unudur, həmçinin danışarkən lazımi sözləri tapmaqda çətinlik çəkir. Mütəxəssisin fikrincə, yaddaş pozuntusu mütləq şəkildə ciddi bir nevroloji xəstəliyin göstəricisi deyil. Bənzər hallar depressiya, xroniki yuxusuzluq, B12 vitamini çatışmazlığı, təşviş pozuntuları, qalxanvari vəzi problemləri, o cümlədən kəllə-beyin travmaları və ya insult keçirdikdən sonra da müşahidə oluna bilər. Qan təzyiqi yüksək olanlar, şəkərli diabet və xolesterin problemi olan pasiyentlər, yaşı 60-ı keçən şəxslər və ailəsində demensiya (ağıl zəifliyi) xəstəliyi olanlar yaddaşda baş verən dəyişikliklərə qarşı xüsusilə həssas yanaşmalıdırlar. Yekaterina Demyanovskaya xəbərdarlıq edir ki, əgər unutqanlıq halları getdikcə şiddətlənirsə, aylarla davam edirsə və paralel olaraq fərqli nevroloji əlamətlərlə müşayiət olunursa, vaxt itirmədən həkim müayinəsindən keçmək mütləqdir.
"Adını unutdum, yerini tapmadım" - Yaddaşın bizə verdiyi ciddi siqnallar
Mənbə oxu.az

Oxşar Xəbərlər