Dünya
Qəfil başlayan kəskin ağrılar: Nə vaxt təcili yardıma müraciət etmək lazımdır?
Həyati təhlükə yaradan vəziyyətlər heç də hər zaman şiddətli ağrı ilə müşayiət olunmur. Oxu.Az xəbər verir ki, təcili yardım professoru Maykl Turturro və təcili yardım həkimi Mark Konroy "HuffPost" nəşrinə müsahibələrində bu barədə danışıblar. Həkimlər təhlükəli xəstəliklər zamanı yaranan ağrı növlərini açıqlayıblar. Mütəxəssislərin sözlərinə görə, qəfil başlayan, güclü və keçməyən, eləcə də sinədə hiss edilən ağrılar - xüsusən də bu hallar ilk dəfə ortaya çıxıbsa və ya ürək-damar xəstəlikləri fonunda baş verirsə, ciddi xəbərdarlıq siqnalı hesab olunmalıdır. Maykl Turturro qeyd edib ki, əgər ağrı narahatedici dərəcədə şiddətlidirsə və daha əvvəl belə bir hal yaşamamısınızsa, mümkün qədər tez tibbi yardıma müraciət etməlisiniz. Mark Konroy digər təhlükəli əlamət kimi qızartı və ya şişkinliklə müşayiət olunan baldır ağrısını vurğulayıb. Mütəxəssisin sözlərinə görə, bu, dərin venaların trombozuna işarə ola bilər. Həkim, həmçinin belin yuxarı hissəsində yaranan qəfil və kəskin ağrıya dözməməyi məsləhət görüb, çünki bu, aortanın zədələnməsindən xəbər verə bilər. Bundan əlavə, həkimlər qarın ağrısına da biganə qalmamağı tövsiyə ediblər. Konroy qeyd edib ki, bu simptom bir çox xəstəliklərdə, o cümlədən təcili tibbi müdaxilə tələb edən böyrək infeksiyaları, böyrək daşları və ya appendisit zamanı ortaya çıxa bilər.
Mənbə
oxu.az
Oxşar Xəbərlər