Dünya
Çində leysan və daşqınlarla bağlı qırmızı xəbərdarlıq: 200 minə yaxın insan təxliyə olundu
Çinin şimal-şərqində yerləşən Lyaonin əyalətinin rəhbərliyi sel və daşqın riski ilə əlaqədar 171 mindən artıq vətəndaşın təxliyə olunması barədə qərar qəbul edib. Oxu.Az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Bildirilir ki, riskli zonalardan insanların təxliyəsi prosesi hazırda da davam etdirilir. Ayrı-ayrı bölgələrdə yağıntının saatlıq intensivliyi maksimum 74.4 mm/saat təşkil edir. Müəyyən ərazilərdə isə cəmi yarım gün ərzində 186 mm-ə qədər yağış qeydə alınıb. Qeyd edək ki, bundan əvvəl Lyaonin və ona sərhəd olan Tszilin əyalətlərinin yerli rəhbərliyi proqnozlaşdırılan sel təhlükəsinə görə ən yüksək olan qırmızı xəbərdarlıq səviyyəsi elan etmişdilər. Sinoptiklərin məlumatına görə, regionun əksər iri çaylarında suyun səviyyəsi və axın sürəti nəzərəçarpacaq dərəcədə yüksəlməkdədir.
Mənbə
oxu.az