Dünya
Türkiyəni ekstremal isti hava bürüyəcək - XƏBƏRDARLIQ
Türkiyədə sağlamlıq üçün ciddi təhlükə yarada biləcək, xüsusilə uşaqlar, yaşlılar və xroniki xəstəlikləri olan insanlar üçün riskli sayılan ekstremal isti hava gözlənilir. Oxu.Az xəbər verir ki, bu barədə türkiyəli terapevt Dilek Şengül "RIA Novosti"yə müsahibəsində xəbərdarlıq edib. Türkiyəli meteoroloqların məlumatına görə, Avropadan gələcək anomal istilər dalğası iyulun 17-dən sonra ölkəni bürüyəcək. Aralıq dənizi və Egey sahillərindəki kurortlarda temperatur 40 dərəcədən yuxarı qalxa bilər. Bu isə həm yerli sakinlər, həm də çoxsaylı turistlər üçün yüksək istilikvurma riski yaradır. Həkim vurğulayıb ki, belə günlərdə maksimum ehtiyatlı olmaq lazımdır: birbaşa günəş şüaları altında uzun müddət qalmamaq, öz vəziyyətini izləmək və kifayət qədər su içmək vacibdir. Şengülün sözlərinə görə, yüksək temperatur zamanı susuzlaşma və orqanizmin həddindən artıq qızması ehtimalı kəskin artır. O, bunun ilk əlamətləri arasında başgicəllənmə, halsızlıq, ürəkbulanma, ürək döyüntüsünün tezləşməsi və şüurun qarışmasını qeyd edib. Bu əlamətlər yarandıqda dərhal kölgəyə keçmək, vəziyyət pisləşərsə isə həkimlərə müraciət etmək lazımdır. Şengül turistlərə gəzinti və ekskursiyalar üçün səhər və ya axşam saatlarını seçməyi tövsiyə edib. Həmçinin açıq rəngli yüngül geyimlər geyinmək, baş örtüklərindən və günəşdən qoruyucu vasitələrdən istifadə etmək, eləcə də mütəmadi olaraq su içmək məsləhətdir. Türkiyənin Səhiyyə Nazirliyi temperaturun artacağı ilə bağlı proqnoz fonunda əhaliyə susuzluq hissinin yaranmasını gözləməmək və hər gün 2.5-3 litr su içmək tövsiyəsi ilə müraciət edib. Nazirlik, xüsusilə xroniki xəstəlikləri olan insanların, uşaqların, 65 yaşdan yuxarı şəxslərin, hamilə qadınların, eləcə də açıq havada işləməyə məcbur olanların ən yüksək risk qrupunda olduğunu vurğulayıb.
Mənbə
oxu.az