Dünya
ABŞ nümayəndə heyəti İsrail qoşunlarının çıxarılmasını müzakirə etmək üçün Livana gəlib
ABŞ hərbi nümayəndə heyəti Beyrutda Livan ordusunun komandanlığı ilə İsrail qoşunlarının Livanın cənubundakı ilk "pilot zona" adlanan ərazidən çıxarılmasına dair razılaşmanın həyata keçirilməsi ilə bağlı danışıqlar aparıb. Oxu.Az xəbər verir ki, bu barədə AFP agentliyi Livan ordusundakı mənbələrə istinadən məlumat yayıb. Söhbət iyunun sonunda İsrail və Livan arasında əldə olunmuş çərçivə sazişindən gedir. Bu saziş iki ölkə arasında gələcək sülh nizamlanmasının əsasını yaratmağı nəzərdə tutur. Çərçivə razılaşmasına əsasən, İsrail qoşunları "Hizbullah"a qarşı hərbi əməliyyat zamanı Livanın cənubunda ələ keçirilmiş bir sıra rayonlardan mərhələli şəkildə çıxarılacaq. Bundan sonra "pilot zonalar" adlandırılan iki kiçik əraziyə nəzarət Livan ordusuna veriləcək. Daha əvvəl ABŞ administrasiyasının nümayəndəsi Vaşinqtonda bildirib ki, tərəflər çərçivə sazişinin həyata keçirilməsi mərhələsinə keçiblər. Onun sözlərinə görə, ilk "pilot zona"nın işə salınması yaxın günlərdə gözlənilir, digər zonalar isə planlaşdırma mərhələsindədir. Prosesin koordinasiyasını İsrail və Livanla birlikdə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) həyata keçirəcək. Diplomatik münasibətləri olmayan İsrail və Livan arasında növbəti dolayı danışıqlar raundu gələn həftə İtaliyada keçiriləcək. Bu, münaqişənin başlanmasından sonra altıncı danışıqlar olacaq.
Mənbə
oxu.az