Dünya
Parisdə daha bir turistik məkan kəskin istilərə görə iş rejimini dəyişdi
Fransanın paytaxtı Parisdə anomal istilər səbəbindən Eyfel qülləsinin həftəsonu iş saatları əhəmiyyətli dərəcədə azaldılacaq. Oxu.Az xəbər verir ki, bu barədə abidənin mətbuat xidməti məlumat yayıb. "Proqnozlaşdırılan yüksək temperaturla əlaqədar Eyfel qülləsi iş rejimini dəyişir. İyulun 11-i şənbə və iyulun 12-si bazar günləri qüllə istisna hal kimi saat 16:00-da bağlanacaq", - deyə abidənin rəsmi saytında bildirilib. Adətən qüllə yerli vaxtla saat 01:00-dək (Bakı vaxtı ilə saat 03:00) turistləri qəbul edir. Oxşar tədbirlər dünyaşöhrətli Luvr muzeyi və Ejen Delakrua muzeyində də tətbiq olunub. Bundan əlavə, Parisin digər məşhur mədəniyyət ocaqlarından olan Orse muzeyinin rəhbərliyi də iş rejiminin müvəqqəti dəyişdirildiyini elan edib. Mütəxəssislər bildirirlər ki, bu məhdudiyyətlər günün ən isti saatlarında çoxsaylı turistlərin və xidmət personalının sağlamlığının qorunması məqsədilə tətbiq edilir.
Mənbə
oxu.az