Dünya
Trampın türk "qızı" ilə bağlı psixiatrdan diqqətçəkən açıqlama
Özünü ABŞ Prezidenti Donald Trampın qızı adlandıran Ankara sakini Necla Özmenin sayıqlama pozğunluğundan əziyyət çəkdiyi bildirilir. "Haber7"-yə istinadən xəbər verir ki, bu barədə türkiyəli tanınmış psixiatr Arif Verimli açıqlama verib. Vəziyyəti qiymətləndirən həkim Necla Özmenin yaşadıqlarının tamamilə sayıqlama (delüziya) olduğunu qeyd edib və qadının durumuna görə təəssüfünü bildirib. Ekspert xəbərdarlıq edib ki, Özmen DNT testi vasitəsilə Trampın atalığını yoxlamağa nail olsa belə, mənfi cavab onu inandırmayacaq. Əksinə, bu proses qadının vəziyyətini daha da pisləşdirə bilər. Necla Özmen Trampla qohumluq əlaqəsi olduğunu ilk dəfə 2021-ci ildə, atalığın müəyyən edilməsi üçün məhkəməyə müraciət edərkən iddia edib. Onun sözlərinə görə, anası vaxtilə amerikalı biznesmenin xaricə səfərlərindən birində onunla tanış olduğunu deyib, lakin bu hekayəni uzun illər gizli saxlayıb. Ankarada keçirilən NATO sammiti ərəfəsində qadın ABŞ-nin Türkiyədəki səfirliyi vasitəsilə Trampla görüş təşkil edilməsini xahiş edib. Onun məqsədi Trampdan öz varlığından xəbərdar olub-olmadığını soruşmaq və onu dolma, türk qəhvəsi və paxlavaya qonaq etmək olub. Bu cəhdi uğursuzluqla nəticələndikdən sonra qadın sosial şəbəkələrdə göz yaşları içində Amerika liderinə müraciət edərək bu sözləri deyib: "Sən dünyanın ən böyük liderisən, ata... amma öz qızına sahib çıxa bilmədin".
Mənbə
oxu.az