Dünya
ABŞ-də Müstəqillik Günündə atışma: Ölənlər var
ABŞ-də Müstəqillik Gününün qeyd edilməsi ilə bağlı mərasimlər zamanı müxtəlif şəhərlərdə atışmalar nəticəsində ən azı altı nəfər həlak olub. Oxu.Az-ın xəbərinə görə, bu barədə "NBC News" nəşri məlumat verib. Məlumata görə, Bruklinin Koni-Aylend rayonunda naməlum şəxs tədbiri qeyd edən ailəyə atəş açıb və dördü uşaq olmaqla, ən azı səkkiz nəfər yaralanıb. Florida ştatının Pensakola şəhərində naməlum şəxslər bir qrup gəncə atəş açıblar və nəticədə bir nəfər həyatını itirib. Oxşar hadisələr İndiana, Kaliforniya, Missuri və Ohayo ştatlarında da qeydə alınıb. Ölənlər arasında 10 yaşlı uşaq da var. Qeyd edək ki, 1776-cı ildə qəbul edilən Müstəqillik Bəyannaməsi ABŞ-nin Britaniya İmperiyasının hakimiyyətindən azad olduğunu elan edib. Bəyannamə Konqres tərəfindən 1776-cı il iyulun 2-də Pensilvaniya ştatının Filadelfiya şəhərində qəbul edilib. İki gün sonra isə Konqres sənədin dəyişdirilmiş versiyasını təsdiqləyib, onun çap olunmasını və əhali arasında yayılmasını əmr edib, buna görə də 4 iyul ABŞ-nin doğum günü tarixi hesab edilir.
Mənbə
oxu.az