Dünya
Avstraliya baş naziri evliliklə bağlı zarafatına görə üzr istəyib
Avstraliyanın hökumət rəhbəri Entoni Albanezi tanınmış ifaçı Kayli Minouq barəsində etdiyi yersiz zarafat səbəbindən ictimaiyyətdən üzr istəməli olub. Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "The Guardian" nəşri yayımlayıb. Bildirilir ki, qalmaqallı hadisə siyasətçi "Bush Deep" adlı komediya podkastına qonaq olarkən qeydə alınıb. Verilişin aparıcısı Nikki Osborn Albaneziyə məşhur qadınlardan hansı ilə evlənmək, görüşmək və ya bir yerdə olmaq istədiyini müəyyən edən oyun oynamağı təklif edib. Variantlar kimi müğənnilər Kayli Minouq və Ronda Börçmor, eləcə də aktrisa Nikol Kidman təqdim olunub. İlkin olaraq baş nazir altı ay öncə ailə qurduğunu vurğulayaraq sualdan qaçmağa cəhd edib. Lakin ardıcıl verilən sualların nəticəsində o, Minouqun adını çəkib və bu seçimin "bütün meyarlar üzrə" ideal olduğunu bildirib. Lakin sonradan o, bu sözlərinə görə üzrxahlıq etmək məcburiyyətində qalıb. Bazar ertəsi hökumət rəhbərinin ofisi tərəfindən Albanezinin adından rəsmi açıqlama dərc edilib. Bəyanatda vurğulanıb: "Səsləndirdiyim bu fikirlərə görə qeyd-şərtsiz olaraq üzr istəyirəm". Nəşrin məlumatına əsasən, siyasətçinin ifadələri Avstraliya mediası və sosial platformalarda ciddi müzakirələrə yol açıb. Onu, xüsusən də, dövlət rəsmisi olaraq belə bir qeyri-ciddi oyunda iştirak etdiyinə görə sərt şəkildə tənqid ediblər.
Mənbə
oxu.az