Dünya
Avropada "sidr müharibəsi": Üç ölkə Brüsselə qarşı çıxdı
Danimarka, İsveç və Finlandiya Avropa Komissiyasının "sidr" adının yalnız alma və armud şirəsindən hazırlanan içkilərə şamil edilməsi ilə bağlı təşəbbüsünə etiraz ediblər. Oxu.Az xəbər verir ki, bu barədə "The Financial Times" ekspertlərə və Avropa Komissiyasına istinadən məlumat yayıb. Nəşr yaranmış mübahisəni "sidr müharibəsi" adlandırıb. Brüsselin təklifinə əsasən, digər bütün oxşar zəif alkoqollu məhsullar "sidr əsaslı içki" kimi adlandırılmalıdır. Lakin Şimali Avropa ölkələrində müxtəlif meyvə və giləmeyvə dadlı sidrlər istehsal olunur. Buna görə də həmin ölkələrin Avropa Parlamentindəki deputatları bu təşəbbüsə qarşı çıxırlar. Onlar hesab edirlər ki, Fransa və İspaniya istehsalçıları ənənəvi alma sidrləri üçün "ədalətsiz üstünlük" əldə etməyə çalışırlar. Müzakirələrə Danimarkanın pivə istehsalçısı və "Somersby" brendinin sahibi olan "Carlsberg" şirkəti də qoşulub. Şirkət bildirib ki, yeni qaydalar istehlakçıları çaşdıracaq, bazara zərər vuracaq və Avropa İttifaqının rəqabət qabiliyyətinin artırılması siyasətinə zidd olacaq. Finlandiyalı avrodeputat Pekka Toveri isə hesab edir ki, məmurların narahatlığı əsassızdır. "İstehlakçılar kütləvi istehsal olunan sidrləri Normandiya və ya Asturiya kimi bölgələrin ənənəvi sidrlərindən asanlıqla fərqləndirə bilirlər", - deyə o bildirib. Üç ölkənin etirazından sonra Avropa Komissiyası müəyyən güzəştlərə gedib. Qəzetin əldə etdiyi yeni layihədə üç kateqoriya təklif olunur: 100 faiz alma şirəsindən hazırlanan klassik sidr, tərkibində ən azı 35 faiz alma şirəsi olan sidr və daha aşağı alma şirəsi tərkibli sidr əsaslı içki. İsveç pivə istehsalçıları ümid edirlər ki, ənənəvi Fransa və İspaniya sidrləri ilə İsveç sidrlərinin yanaşı mövcudluğunu təmin edəcək konstruktiv həll tapılacaq. Avropa Komissiyası isə bütün üzv ölkələri qane edəcək vahid standartın hazırlanmasının mürəkkəb olduğunu etiraf edib və uyğun variant üzərində işlərin davam etdiyini bildirib.
Mənbə
oxu.az