Dünya
Alman avtomobil nəhəngləri böhran içində: Təcili tədbir çağırışı
"Bosch Mobility" şirkətinin istehsalat şurasının rəhbəri Frank Zell Almaniyanın avtomobil sənayesində yaşanan böhranın aradan qaldırılması üçün hökuməti, biznes nümayəndələrini və həmkarlar ittifaqlarını birgə fəaliyyətə çağırıb. Oxu.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, Frank Zell Almaniyanın avtomobil sənayesini böhrandan çıxarmaq məqsədilə xüsusi işçi qrupunun yaradılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bu qrupa Almaniya hökumətinin, həmkarlar ittifaqlarının və biznes dairələrinin nümayəndələri daxil edilməlidir. Qeyd olunub ki, Almaniyanın avtomobil sənayesində vəziyyət iri konsernlərin xərclərin azaldılması planlarından sonra daha da gərginləşib. Belə ki, "Mercedes-Benz"in on minlərlə əməkdaşı tarif ödənişlərinin azaldılmasına etiraz olaraq aksiyalara çıxıb. Eyni zamanda, "Volkswagen" Almaniyada dörd zavodunu bağlamağı planlaşdırır, BMW isə 5 000-ə qədər iş yerini ixtisar etməyi və gözlənilən mənfəət proqnozunu azaltmağı nəzərdə tutur. "Bosch Mobility" şirkəti də qlobal maliyyə böhranından bəri ilk dəfə zərərlə üzləşdiyini açıqlayıb.
Mənbə
oxu.az