Putinin gündəlik vərdişləri: Siqaret çəkmir, spirtli içki isə...
Rusiya Prezidenti Vladimir Putinin gündəlik həyatı və şəxsi vərdişləri uzun illərdir dünyanın ən çox maraq göstərilən mövzularından biridir. Onun şəxsi həyatı barədə məhdud məlumatlar mövcuddur.
Axar.az xəbər verir ki, Savashmedia.az Putinin müsahibələri və müxtəlif illərdəki açıqlamaları əsasında Kreml rəhbərinin gündəlik rejimi haqqında məqalə hazırlayıb.
Maraqlıdır ki, Putin günə erkən başlamır. O, adətən səhər saat 9:00-10:00 radələrində oyanır və ilk yeməyini də bundan sonra edir. Səhər yeməyində sıyıq, kəsmik, yumurta, kefir, təzə meyvə şirələrinə üstünlük verir.
73 yaşının olmasına baxmayaraq, Putin fiziki hazırlığına xüsusi önəm verir. O, mütəmadi olaraq üzür, trenajor zalında məşq edir, buz xokkeyi oynayır və cüdo ilə məşğul olur. Onun idmana demək olar ki, hər gün vaxt ayırdığı bildirilir.
Rusiya lideri siqaret çəkmir. Spirtli içkilərə münasibəti də kifayət qədər sərtdir. Putin müxtəlif çıxışlarında alkoqoldan uzaq durduğunu deyib. Rəsmi qəbullarda bəzən simvolik olaraq qədəh qaldırsa da, yaxın ətrafı onun gündəlik həyatda spirtli içki qəbul etmədiyini deyib.
Qəhvə əvəzinə daha çox çay içdiyi, ağır və yağlı yeməklərdən uzaq durduğu, balıq, tərəvəz və süd məhsullarına üstünlük verdiyi deyilir. Fastfud və qazlı içkiləri isə demək olar ki, qəbul etmir.
Putinin iş qrafiki isə digər dövlət başçılarından fərqlənir. O, gec saatlaradək işləyir, mühüm sənədləri şəxsən oxuyur, təhlükəsizlik, iqtisadiyyat və xarici siyasətlə bağlı müşavirələr keçirir. Bir çox beynəlxalq telefon danışıqları və görüşləri də axşam saatlarına təsadüf edir.
Rusiya prezidentinin təhlükəsizliyi dünyanın ən ciddi qoruma sistemlərindən biri hesab olunur. Onun istifadə etdiyi avtomobillər, təyyarələr, iqamətgahlar və hətta qidalar xüsusi yoxlamadan keçirilir. Xarici səfərlərdə yeməklərin hazırlanmasına xüsusi nəzarət olunur.
Asudə vaxtlarında isə Putin balıq tutmağı, təbiətdə istirahət etməyi, ata minməyi və xokkey oynamağı sevdiyini gizlətmir. Kreml vaxtaşırı bu görüntüləri ictimaiyyətlə paylaşaraq prezidentin fəal həyat sürdüyünü nümayiş etdirir.