İqtisadiyyat
Manata inam, yoxsa tələbat artıb?
Pərviz Heydərov yazır... Ölkədə əhalinin həmişə ciddi yığım vasitəsi olaraq etimad bəslədiyi ABŞ dollarına inamı əhəmiyyətli şəkildə azalıb. Bu tendensiya əsasən, 2025-ci ilin martından bəri davam edir. Odur ki, Mərkəzi Bankın (AMB) da rəsmi valyuta ehtiyatları 2025-ci ilin əvvəlindən ardıcıl və dinamik şəkildə artır. Düzdür, bunda ölkədən xaricə neft və qaz satışından əlverişli konyunktur şəraitinə görə daxil olan vəsaitin də rolu var. Banklar ilə əhali arasında nağd valyuta konvertasiyası üzrə statistikaya diqqət yetirək: cari ilin ilk 5 ayı ərzində banklar əhaliyə 489.3 milyon dollar satdığı halda, əhalidən 763.2 milyon dollar xarici valyuta alıb. Nəticədə də bankların əhalidən valyuta alışının həcmi satışı 273.9 milyon dollar üstələyib. Başqa sözlə desəm, əhali tərəfindən banklara 274 milyon dollar məbləğində nağd xarici valyuta axını baş verib. Bu, 2020-ci il pandemiya ilindən bəri yanvar-may ayları ərzində əhalinin banklara ən yüksək xalis valyuta satışı göstəricisidir. Keçən ilin qeyd olunan dövründə isə əhali tərəfindən banklara 138 milyon dollar satılmışdı. 2023-cü ildə bu rəqəm 60.3 milyon dollar təşkil etmiş, 2024-cü ildə isə bankların əhaliyə valyuta satışı çox olub ki, bu rəqəm də 483.7 milyon dollar təşkil edib. Bu ilə gəldikdə isə təkcə may ayında banklar tərəfindən əhaliyə 71.4 milyon dollar satıldığı halda əhalidən 180.6 milyon dollar xarici valyuta alınıb. Analoji tendensiya fiziki şəxslərin banklarda yerləşdirdikləri əmanətlərin strukturunda da özünü büruzə verir. Belə ki, rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 2.8% bəndi azalaraq may ayında 27%-ə enib. Sual yaranır ki, bütün bunlar nə ilə əlaqədardır və xeyri ilə zərəri nədən ibarətdir? Əvvəla onu qeyd edim ki, istər əhali tərəfindən, istərsə də müvafiq biznes və digər qurumlar tərəfindən, yəni banklar tərəfindən xarici valyutaya təklifə münasibətdə tələbin azalması ən azı milli pul vahidinə inam və etibar baxımından yaxşı cəhət, yaxşı haldır. Bu, ölkənin xarici valyuta ehtiyatlarının artması üçün münbit şərait yaradır və əlverişli imkanlar açır. Buna dedollarlaşma prosesi deyilir. Hələ mayın əvvəlində AMB sədri Taleh Kazımov bildirmişdi ki, son dövrlər valyuta hərraclarında tələbin aşağı olması nəticəsində müvafiq bazarda təklif artdığı üçün Mərkəzi Bank tərəfindən aprel ayında bir milyard ABŞ dolları məbləğində alışyönlü müdaxilə həyata keçirilmişdir. "Nəticədə, valyuta ehtiyatlarının idarə edilməsindən əldə olunan gəlirlər də nəzərə alınmaqla, aprel ayında Mərkəzi Bankın valyuta ehtiyatları 1 029.7 milyon ABŞ dolları artmışdır", - deyə sədr əlavə etmişdi. Ümumiyyətlə, təkrar edirəm ki, AMB-in rəsmi valyuta ehtiyatları 2025-ci ilin əvvəlindən etibarən ardıcıl və dinamik şəkildə artır. 2024-cü ilin sonunda ehtiyatlar əgər 10.96 milyard dollar təşkil edirdisə, adı çəkilən qurum tərəfindən həyata keçirilən alışyönlü müdaxilələr və daxili valyuta bazarındakı müsbət meyillər nəticəsində 1 iyul 2026-cı il tarixinə AMB-in valyuta ehtiyatları 13 milyard 157.6 milyon dollara çatmışdır. Ancaq bir nüans da var. O da bundan ibarətdir ki, əhali tərəfindən geniş şəkildə xarici valyuta satışının artması ölkədən kənara turist axının, ümumiyyətlə gedişin azalması, sosial durumun - dolanışıq səviyyəsinin çətinləşməsi və sair kimi amillərin də göstəricisi ola bilər. Eyni zamanda, müxtəlif qurumların, biznes dairələrinin banklardan valyuta alışlarının azalması, başqa sözlə, dollar təklifinə tələblərinin enməsi göstəricisi də sayıla bilər ki, bu da iqtisadi aktivliyin zəiflədiyi şəraitdə baş verir. Sözün qısası, qeyd etmək istədiyim odur ki, hər hansı bir ölkədə xaricə valyutaya tələbin enməsi əslində çox da yaxşı hal deyil. Belə ki, iqtisadi qanunlara əsasən bu zaman milli pul vahidinin dəyəri, məzənnəsi artır. Ölkəmizdə valyuta bazarı inzibati qaydada tənzimlədiyi üçün bu, özünü göstərmir. Ancaq əgər, müəyyən interval daxilində üzən məzənnə rejimi fəaliyyət göstərsəydi, hazırda ölkədə manatın dəyəri qalxmalı idi. Bu da ölkədən ixraca buxov yaradacaqdı. Onsuz da real olaraq valyuta mübadilə məntəqələrində nağd ABŞ dollarının satış məzənnəsi AMB tərəfindən 2017-ci ilin martından bəri sabit saxladığı 1.70 manat səviyyəsindən aşağı düşüb. Belə ki, dollar təklifinin artması nəticəsində mübadilə məntəqələrində satış məzənnəsi enib və alış-satış fərqi aşkar daralıb. AMB-nin məlumatına görə, iyunda 1 dolların orta satış məzənnəsi 1.6970 manat olubsa, bu göstərici mayda 1.6977 manat, ilin əvvəlində isə 1.6986 manat təşkil edib. Ona görə də əslində aydın deyil ki, manata inam artıb, yoxsa tələb. Bütün bunları nəzərə alaraq hesab edirəm, ölkədə işgüzar aktivliyə təcili ciddi diqqət yetirilməli, manatın möhkəmlənməyə meyilli olması qarşısı alınmalı, banklarda əmanətlərin dedollarlaşma prosesinə rəğmən manat üzrə əmanətlərin sığortalanma faizi nisbətən aşağı salınmalı, həmçinin onun dövretmə sürəti artmalıdır və yaxud artırılmalıdır. Yeri gəlmişkən, bu ilin iyunun 1-nə manatın dövretmə sürəti 2.96 bənd təşkil edib ki, bu da əvvəlki aya görə eyni, ilin əvvəli ilə müqayisədə 0.24 bənd, ötən ilin iyunun 1-nə nisbətən isə 0.4 bənd az deməkdir. Göründüyü kimi, bir tərəfdən manata tələb artır və dəyərə minir, digər tərəfdən dövretmə sürəti getdikcə azalır. Odur ki, təkrar edirəm, ölkədə işgüzar aktivliyi yüksəltmək üçün təcili olaraq bir sıra tədbirlər həyata keçirmək lazımdır.
Mənbə
oxu.az