İdman

FIFA Belçikanın formasına qadağa qoydu: Geyimin üzərində hansı yazı gizlədilib?

02 Jul 2026, 18:44 1 baxış
FIFA Belçikanın formasına qadağa qoydu: Geyimin üzərində hansı yazı gizlədilib?
2026-cı il dünya çempionatının 1/16 final mərhələsində Seneqala qarşı keçirilən matçda Belçika millisi turnir ərzində ilk dəfə olaraq sürrealist rəssam Rene Maqrittin yaradıcılığından ilhamlanaraq hazırlanmış səfər formasında meydana çıxıb. Oxu.Az xarici mediaya istinadən xəbər verir ki, belçikalı Maqrittin yaradıcılığından təsirlənərək hazırlanmış açıq mavi rəngli bu forma ilk dəfə 2026-cı ilin martında Atlantada ABŞ-yə qarşı keçirilən yoldaşlıq oyununda təqdim olunub. Həmin matçda belçikalılar amerikalıları 5:2 hesabı ilə məğlub etmişdilər. Maykanın arxa hissəsində ilkin olaraq "Obrazların xəyanəti" tablosuna istinadən "Ceci n'est pas un maillot" ("Bu, mayka deyil") ifadəsi yer alıb. Lakin FIFA-nın tələbindən sonra orijinal dizaynda dəyişiklik edilməsi zərurəti yaranıb. Belə ki, FIFA qaydaları rəsmi oyun formalarında texniki xüsusiyyətlər və ya turnirin sponsorları ilə bağlı olmayan hər hansı yazının yerləşdirilməsini qadağan edir - təşkilat bu mesajı kommersiya reqlamentinin pozulması kimi qiymətləndirib. Federasiya yazının geyimin xarici tərəfindən çıxarılmasını tələb edib. Qadağadan yan keçmək üçün formanın istehsalçısı cümləni formanın daxili hissəsinə - yaxanın altına keçirib. Beləliklə, yazı geyimin üzərində qalsa da kameralar və tamaşaçılar üçün görünməz olub. Qeyd edək ki, Maqritt reallığı ironiya ilə yenidən dərk edən əsərləri ilə tanınan, XX əsrin ən məşhur rəssamlarından biridir. Onun ən çox tanınan əsəri 1928-1929-cu illərdə çəkdiyi və üzərində qəlyan təsviri ilə "Ceci n'est pas une pipe" ("Bu, qəlyan deyil") yazısı olan "Obrazların xəyanəti" tablosudur. Rəssam 1964-cü ildə buna bənzər daha bir əsər - "Ceci n'est pas une pomme" ("Bu, alma deyil") tablosunu yaradıb. Xatırladaq ki, Belçika millisi DÇ-2026-nın 1/16 final matçında Seneqala qalib gələrək (3:2) 1/8 finala yüksəlib. Komanda iyulun 6-da bu mərhələdə ABŞ yığması ilə qarşılaşacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər