Dünya
ABŞ-də DÇ-2026 oyunları zamanı 400-dən çox PUA ələ keçirilib
Futbol üzrə dünya çempionatı (DÇ-2026) başlayandan bəri ABŞ-nin hüquq-mühafizə orqanları stadionların və digər idman obyektlərinin yaxınlığında icazəsiz buraxılmış 400-dən çox PUA-nı ələ keçirib. Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) rəhbəri Keş Patel sosial şəbəkə hesabında məlumat verib. "Bütün ölkə boyu digər xidmətlərlə əməkdaşlıq çərçivəsində, üzərində uçuşsuz zona təyin edilmiş obyektlərin yaxınlığında havaya qaldırılan 400-dən çox dronu müsadirə etdik", - deyə Patel bildirib. O əlavə edib ki, çempionata ev sahibliyi edən 11 ABŞ şəhərinin hamısında PUA-ları ələ keçirmək üçün xüsusi yerüstü qruplar yerləşdirilib. Daha əvvəl ABŞ-nin Mülki Aviasiya İdarəsi DÇ-2026-nın matçları və digər tədbirlərin keçirilməsi planlaşdırılan 23 stadion və obyektin ətrafında uçuş qadağası zonalarının tətbiq ediləcəyini bildirmişdi. Qoyulan qadağaları pozan vətəndaşları dronlarının müsadirə edilməsi ilə yanaşı, 75-100 min dollar məbləğində cərimələr gözləyir. Qeyd edək ki, DÇ-2026 iyunun 11-dən iyulun 19-na qədər ABŞ, Kanada və Meksikada keçirilir.
Mənbə
oxu.az