Dünya
Donald Tramp Vaşinqtondakı 100 illik qolf meydançasını yenidən quracaq
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda, Ağ Evin yaxınlığında yerləşən mövcud qolf meydançasını inkişaf etdirərək onu dünyanın ən yaxşısına çevirmək planlarını açıqlayıb. Oxu.Az-ın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə dövlət başçısı bəyan edib. Bazar günü Tramp vurğulayıb ki, paytaxtda yerləşən və təxminən 100 yaşı olan "East Potomac Golf Links" ictimai qolf sahəsini yenidən qurmaq istəyir və bu istiqamətdə işlərə artıq sentyabr ayında başlanmalıdır. Ağ Ev liderinin bu bəyanatı onun daxili işlər naziri və qolf infrastrukturu üzrə ixtisaslaşmış memarla birlikdə həmin əraziyə səfərindən sonra səsləndirilib. "Suya və paytaxtın görməli yerlərinə mənzərəsi olan bu möhtəşəm məkanda dünyanın hər hansı bir yerində mövcud olan ən yaxşı qolf meydançalarından birini inşa edəcəyimiz müəyyənləşdirildi. Yeni meydança üzərində sürətlə həyata keçiriləcək işlərə sentyabrın 1-dən başlanacaq", - deyə o vurğulayıb. Ümumilikdə, ABŞ Prezidenti Donald Trampın bu məkanla bağlı ideyası yeni deyil və əvvəllər bir ictimai təşkilat, həmçinin iki vətəndaş tərəfindən qaldırılan məhkəmə iddiasına səbəb olmuşdu. Sonradan administrasiya və ictimai təşkilat arasında kompromis razılaşma əldə edilib.
Mənbə
oxu.az