Dünya
Yaponiyalı deputat Şahzadə Ayko barədə dediyi sözlərə görə üzr istəyib
Yaponiyada hakim Liberal-Demokrat Partiyasının deputatı Şahzadə Aykonun taxta çıxması ilə bağlı səsləndirdiyi fikirlərə görə böyük qalmaqala səbəb olub. Oxu.Az NTV.ru-ya istinadən xəbər verir ki, deputat Hirofumi Nakasone Şahzadə Ayko taxt-tacı miras alacağı təqdirdə heç kimin onunla evlənməyəcəyini dediyi üçün üzr istəməyə məcbur qalıb. Yaranan səs-küydən sonra parlamentari mətbuat konfransı çağıraraq işlətdiyi ifadələrin yersiz olduğunu bildirib və buna görə peşmançılığını ifadə edib. Bir gün əvvəl mühazirə ilə çıxış edən Nakasone qeyd etmişdi ki, Yaponiya qanunvericiliyi taxtın yalnız kişi xətti ilə ötürülməsini nəzərdə tutur. Buna görə də İmperator Naruhitonun yeganə qızı olan Şahzadə Aykonun taxta oturması qeyri-mümkündür, çünki belə bir halda onunla ailə quracaq şəxs tapılmayacaq. Əgər Şahzadə Ayko yenə də taxta çıxarsa, oğlan uşağı dünyaya gətirmək məcburiyyətinə görə onun üzərinə nəhəng təzyiq düşəcək. Deputat ona ünvanlanan tənqidlərə cavab olaraq bildirib ki, o, sadəcə Şahzadə Aykoya xoşbəxt həyat arzuladığı üçün şəxsi narahatlığını dilə gətirib. Qeyd edək ki, İmperator Naruhitonun kişi xətti üzrə üç varisi var: onun kiçik qardaşı, 60 yaşlı vəliəhd şahzadə Fumihito, 19 yaşlı qardaşı oğlu Hisahito və əmisi, 90 yaşlı şahzadə Hitati. Hazırda Yaponiyada imperator ailəsinin qadın mənsublarının sadə vətəndaşlarla evləndikdən sonra da statuslarını qoruması, eləcə də 1947-ci ildə bu statusdan məhrum edilmiş 11 kiçik yan şaxədən olan kişilərin yenidən imperator ailəsinə qəbul edilməsi təklifləri müzakirə olunur.
Mənbə
oxu.az