Dünya
Macarıstanda anomal istilər: 90 illik temperatur rekordu yeniləndi
Macarıstanda 28 iyunda rekord temperatur qeydə alınıb. Bazar günü Budapeştdə termometrin civə sütunu 40 dərəcə Selsiyə yüksəlib. Oxu.Az-ın məlumatına görə, bu barədə Macarıstanın "HungaroMet" Meteorologiya Xidməti açıqlama yayıb. Məlumatda bildirilir ki, ölkədə müntəzəm hava müşahidələri 1870-ci ildən aparılır. "Budapeştdə ən yüksək temperatur 40 dərəcədir. Ölkə ərazisində yağıntı yoxdur", - deyə Macarıstan hökuməti öz saytında qeyd edib. Ölkə tarixində 28 iyun üçün ən yüksək temperatur 1935-ci ildə Macarıstanın şərqində yerləşən Serep qəsəbəsində +39.9 dərəcə olaraq qeydə alınıb. Baş nazir Peter Madyar xəbərdarlıq edib ki, gələn həftənin əvvəlində termometrin civə sütunu 42 dərəcəyə qədər yüksələ bilər. Bu halda Macarıstan üçün 41.9 dərəcə Selsi olan mütləq temperatur rekordu yenilənəcək. Belə temperatur 2007-ci il iyulun 20-də ölkənin cənubundakı Kişkunhalaş şəhərində qeydə alınıb. Son günlərdə orta sutkalıq temperatur 29 dərəcəni keçdiyi üçün "HungaroMet" üçüncü dərəcəli hava təhlükəsi xəbərdarlığı elan edib. Dövlət idarələrinə və şirkətlərə iyunun 29-u və 30-u əməkdaşları üçün məsafədən iş rejimi tətbiq etmək təklif olunub. Macarıstanın Silahlı Qüvvələri, bələdiyyələr və xeyriyyə təşkilatları küçələrdə və digər ictimai yerlərdə, o cümlədən dəmir yolu stansiyalarında və avtovağzallarda insanlara içməli su paylayırlar. Baş nazirin xahişi ilə bələdiyyələr həftəsonu şəhər meriyalarında kondisionerli otaqları ictimaiyyət üçün açıq saxlayıb. Kütləvi tədbirlər, o cümlədən idman yarışları azaldılıb və başqa vaxta keçirilib. Kəskin istilər üzündən təcili tibbi yardım briqadalarına edilən çağırışların sayı normal günlərə nisbətən 8% çoxalıb. Bir neçə şəxs hipertermiya (həddindən artıq isinmə) diaqnozu ilə xəstəxanalara yerləşdirilib. Bununla belə, ölkə ərazisində hər hansı ciddi bədbəxt hadisə baş verməyib.
Mənbə
oxu.az