Dünya
Argentinanın yeni baş naziri məlum olub
Argentinanın dövlət başçısı Xavyer Miley Manuel Adorninin tutduğu vəzifədən getməsindən sonra hökumətin yeni rəhbərini təsdiqləyib. Bu barədə Oxu.Az AFP-yə istinadən xəbər verir. Məlumata görə, Nazirlər Kabinetinə keçən ilin noyabrından daxili işlər naziri vəzifəsini tutan 59 yaşlı Dieqo Santilli rəhbərlik edəcək. Hökumətin yeni rəhbərinin andiçmə mərasimi çərşənbə axşamı, iyunun 30-da yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə saat 11:00) keçiriləcək. "Ömrümün ən böyük sınağını qəbul edirəm və hökumətin tarix yazmasını təmin etmək üçün səylə çalışacağıma söz verirəm. Mən şəxsi maraqlara deyil, ortaq layihələrə inanıram", - deyə D.Santilli özünün "X" sosial şəbəkə hesabında qeyd edib. O vurğulayıb ki, ölkənin uzun illərdir tələb etdiyi struktur dəyişiklikləri yolunda bütün gücünü sərf etməyə hazırdır. Xatırladaq ki, sabiq baş nazir M.Adorni bəyan edilməmiş gəlirlər və korrupsiya araşdırması ilə bağlı qalmaqal fonunda istefa verib.
Mənbə
oxu.az