Dünya
KİV: ABŞ və İran qarşılıqlı zərbələrin dayandırılması barədə razılığa gəlib
ABŞ və İran nümayəndələri qarşılıqlı zərbələrin dayandırılması və iyunun 30-da Dohada Hörmüz boğazı ilə bağlı fikir ayrılıqlarının aradan qaldırılması məqsədilə məsləhətləşmələrin keçirilməsi barədə razılığa gəliblər. Oxu.Az xəbər verir ki, bu barədə "Axios" portalının jurnalisti Barak Ravid öz mənbələrinə istinadən məlumat yayıb. "Yüksəkvəzifəli ABŞ rəsmisinin sözlərinə görə, ölkələr bir-birinə zərbələr endirməyi dayandırmaq barədə razılığa gəliblər. Hər iki tərəf iyunun 30-da Qətərin paytaxtında Hörmüz boğazı ilə bağlı fikir ayrılıqlarını aradan qaldırmaq üçün görüş keçirməyi planlaşdırır", - deyə jurnalist bildirib. Ravidin həmsöhbətlərindən birinin sözlərinə görə, tərəflər əvvəlcə çərşənbə axşamı İsveçrədə məsləhətləşmələr keçirməyi və İranın nüvə proqramını müzakirə etməyi planlaşdırırdılar. Lakin son günlər baş verən eskalasiya səbəbindən ABŞ və İran danışıqların keçiriləcəyi yeri və əsas mövzusunu dəyişmək qərarına gəliblər. Mənbə əlavə edib ki, məsləhətləşmələrdə ABŞ tərəfdən texniki qrupun rəhbəri Nik Stüart iştirak edəcək.
Mənbə
oxu.az