Dünya
KİV: Trampın oğulları Qazaxıstanda nadir elementlərinin hasilatı layihəsində pay alıblar
ABŞ Prezidenti Donald Trampın oğullarının şərik olduqları "Dominari Securities" investisiya şirkəti Qazaxıstanda volfram hasilatı şirkətinin beşdəbir hissəsinə sahibdir. Oxu.Az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti yazır. Söhbət 2025-ci ilin noyabrında Qazaxıstanda volfram yataqlarının birgə işlənməsi barədə "Tau-Ken Samruk" şirkəti ilə saziş imzalayan "Kaz Resources" şirkətindən gedir. Danışıqlar dövründə Erik və Donald Tramp qardaşlarının pay sahibi olduğu "Dominari Securities" şirkətinin investorları Qazaxıstan layihəsində 20 faizlik pay əldə ediblər. Qəzet qeyd edir ki, eyni zamanda ABŞ-nin ticarət naziri Hovard Latnikin oğulları Brendon və Kayl Latnikin rəhbərlik etdiyi "Cantor Fitzgerald" investisiya şirkəti investorlardan birinə həmin layihəyə yatırmaq üçün 210 milyon dollar toplamaqda kömək edib. Qəzetin versiyasına görə, "Cantor Fitzgerald" bu xidmətlərə görə milyonlarla dollar əldə edə bilərdi. ABŞ liderinin oğulları və onların tərəfdaşları sözügedən layihəyə 2025-ci il noyabrın 6-da Vaşinqtonda ABŞ və Qazaxıstan nümayəndələrinin yataqların birgə işlənməsi barədə saziş imzalamasından altı gün əvvəl sərmayə qoyublar.
Mənbə
oxu.az