Dünya
Uqandada hərbçilər televiziya kanallarının yayımını dayandırdılar
Uqandada silahlı hərbçilər ölkənin ən böyük müstəqil media holdinqi olan "Nation Media Group"un (NMG) ofislərini mühasirəyə alaraq televiziya kanallarının yayımını dayandırıblar. Bu addım ölkənin Silahlı Qüvvələrinin baş komandanı, Prezident Yoveri Museveninin oğlu general Muxuzi Kayneruqabanın əmri ilə atılıb. Oxu.Az "Daily Monitor"a istinadən xəbər verir ki, əməliyyat gecə saatlarında başlayıb. Hərbçilər Kampalanın Namuvonqo rayonunda yerləşən NMG-nin baş ofisini, həmçinin redaksiyaların bir hissəsinin yerləşdiyi "Serena" hotelindəki holdinqin ofislərini mühasirəyə alıblar. Muxuzi "X" sosial şəbəkəsində yazıb ki, telekanallar onun icazəsi olmadan fəaliyyətini bərpa etməyəcək. General bir neçə həftə əvvəl holdinqə məxsus media qurumları Kampala meri Erias Lukvaqonun həbsini və onunla bağlı digər həssas mövzuları işıqlandırdıqdan sonra NMG-ni hədələməyə başlamışdı.
Mənbə
oxu.az