Dünya
Səudiyyə Ərəbistanında məşhur şirkətin helikopteri qəzaya uğradı: 14 ölü
Səudiyyə Ərəbistanının şərqində yerləşən Ras-Tannura şəhərində "Saudi Aramco" dövlət neft şirkətinə məxsus helikopterin qəzaya uğraması nəticəsində azı 14 nəfər həlak olub. Oxu.Az xəbər verir ki, bu barədə Səudiyyə Mətbuat Agentliyi Energetika Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb. "Hadisə nəticəsində helikopterin göyərtəsində olan 14 nəfərin hamısı həlak olub. Onların hər biri Səudiyyə Ərəbistanı vətəndaşı olub", - deyə mənbə bildirib. Mənbənin sözlərinə görə, aidiyyəti qurumlar aviaqəzanın başvermə səbəblərini müəyyənləşdirmək üçün araşdırmalara başlayıblar. Qeyd edək ki, Fars körfəzi sahilində yerləşən Ras-Tannura şəhərində "Saudi Aramco" şirkətinin iri neft emalı kompleksi, eləcə də dünyanın ən böyük dəniz neft terminallarından biri fəaliyyət göstərir.
Mənbə
oxu.az