Cəmiyyət

Zakir Fərəcov bu alman şəhərinin meri ilə görüşdü - Foto

28 Jun 2026, 15:06 3 baxış
Zakir Fərəcov bu alman şəhərinin meri ilə görüşdü  - Foto

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun rəhbərlik etdiyi nümayəndə heyəti Almaniya Federativ Respublikasının Lüdviqşafen şəhərinə səfər edib.


Axar.az xəbər verir ki, səfər çərçivəsində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Lüdviqşafen şəhərinin meri professor Klaus Blattner ilə görüş keçirib.


Görüşdə Sumqayıt və Lüdviqshafen arasında uzun illərdir davam edən dostluq və əməkdaşlıq münasibətlərinin hazırkı vəziyyəti, həyata keçirilən birgə layihələr və gələcək əməkdaşlıq perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.


Zakir Fərəcov görüş zamanı qeyd edib ki, Sumqayıt və Lüdviqşafen şəhərləri arasında dostluq əlaqələrinin əsası 1977-ci ildə qoyulub və ötən dövr ərzində bu münasibətlər qarşılıqlı etimad, hörmət və səmərəli əməkdaşlıq prinsipləri əsasında uğurla inkişaf edib. Bildirilib ki, mədəniyyət, təhsil, gənclər siyasəti, ekologiya, şəhər idarəçiliyi və digər sahələrdə həyata keçirilən layihələr iki şəhər arasında əlaqələrin daha da möhkəmlənməsinə mühüm töhfə verib.


Görüş zamanı gələn il Sumqayıt və Lüdviqşafen şəhərləri arasında qardaşlaşma münasibətlərinin 50 illik yubileyinin qeyd olunacağı vurğulanıb. Bu əlamətdar hadisə ilə bağlı keçiriləcək tədbirlər, birgə layihələr və yubiley proqramı ətrafında müzakirələr aparılıb. Tərəflər yarım əsrlik dostluq münasibətlərinin gələcək nəsillər üçün də möhkəm təməl yaratdığını qeyd edərək əməkdaşlığın bundan sonra da davam etdirilməsinin vacibliyini bildiriblər.


Görüşdə Lüdviqşafen şəhərinin sabiq meri Eva Lohse də iştirak edib. O, uzun illər ərzində iki şəhər arasında münasibətlərin inkişafına göstərdiyi dəstəkdən bəhs edərək dostluq əlaqələrinin bundan sonra da uğurla davam edəcəyinə əminliyini ifadə edib.


Səfər proqramı çərçivəsində Sumqayıt nümayəndə heyətinin şərəfinə Lüdviqşafen şəhərinin ənənəvi Şəhər Günü tədbirləri çərçivəsində konsert proqramı təşkil olunub. Tədbirdə çıxış edən Zakir Fərəcov Sumqayıt və Lüdviqshafen arasında formalaşmış möhkəm dostluq münasibətlərindən danışıb, bu əlaqələrin hər iki şəhərin sakinləri arasında qarşılıqlı anlaşma və əməkdaşlığın inkişafına xidmət etdiyini bildirib. O, yeni seçilmiş mer professor Klaus Blattneri təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb.


Nümayəndə heyəti səfər zamanı Lüdviqşafendə fəaliyyət göstərən Sumqayıtlı Dostlar Cəmiyyətinin üzvləri ilə də görüşüb. Görüşdə cəmiyyətin iki şəhər arasında münasibətlərin inkişafına verdiyi töhfə yüksək qiymətləndirilib. Qeyd olunub ki, Lüdviqşafen şəhərində Sumqayıtla bağlı fəaliyyət göstərən şəxslər və dostluq əlaqələrinin inkişafında maraqlı olan ictimai fəallar məhz bu cəmiyyət ətrafında birləşərək iki şəhər arasında humanitar və mədəni əlaqələrin möhkəmlənməsinə dəstək göstərirlər.


Səfər çərçivəsində nümayəndə heyəti şəhərin tarixi və mədəni irsi ilə də yaxından tanış olub. Qonaqlar Lüdviqşafen şəhərinin muzey-qəsr kompleksini, eləcə də regionun tarixi abidələrindən hesab olunan Maudax qəsrini ziyarət ediblər. Tarixi memarlıq nümunələri və mədəni irs obyektləri ilə tanışlıq qonaqlarda böyük maraq doğurub.


Səfərin əsas məqsədi Sumqayıt və Lüdviqşafen arasında mövcud tərəfdaşlıq münasibətlərinin daha da genişləndirilməsi, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi və iki qardaş şəhər arasında əlaqələrin gələcək inkişafına töhfə vermək olub.


Qeyd edək ki, Sumqayıt və Lüdviqşafen arasında yarım əsrə yaxın davam edən qardaşlaşmış şəhər münasibətləri Azərbaycan-Almaniya dostluq əlaqələrinin inkişafına mühüm töhfə verən uğurlu beynəlxalq əməkdaşlıq nümunələrindən biri hesab olunur.

Mənbə axar.az

Oxşar Xəbərlər