Cəmiyyət
AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi
"Azərbaycan Hava Yolları"nın (AZAL) Moskva istiqamətində bir sıra reysləri müvəqqəti təxirə salınıb. Oxu.Az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC məlumat yayıb. Bildirilib ki, oktyabrın 9-na planlaşdırılan J2-185/J2-186 nömrəli Bakı-Moskva (Domodedovo)-Bakı və J2-805/J2-806 nömrəli Bakı-Moskva (Vnukovo)-Bakı reyslərinin icrasında Rusiya hava məkanında tətbiq edilən məhdudiyyətlər səbəbindən dəyişikliklər olub. Belə ki, səhər saatlarında həyata keçirilən J2-185 nömrəli Bakı-Moskva reysi Sankt-Peterburq şəhərinə məcburi eniş edib. Hava məkanında yenidən məhdudiyyətlərin tətbiq olunması səbəbindən təyyarənin Bakıya qayıtması mümkün olmayıb. Bundan əlavə, səhər saatlarında həyata keçirilən J2-805 nömrəli Bakı-Moskva reysi Heydər Əliyev Beynəlxalq Aeroportuna geri qayıdıb. Mövcud məhdudiyyətlər təyyarələrin təyinat hava limanlarına vaxtında çatmasına və növbəti uçuşların həyata keçirilməsinə də təsir göstərib. Bu səbəbdən həmin marşrutlar üzrə planlaşdırılan J2-186 və J2-806 nömrəli axşam reysləri də təxirə salınıb. AZAL vəziyyəti operativ şəkildə izləyir və sərnişinlərə lazımi dəstəyin göstərilməsi üçün tədbirlər görür. Uçuş cədvəlindəki dəyişikliklərlə bağlı sərnişinlər rəsmi informasiya kanalları vasitəsilə məlumatlandırılacaqlar. Bildirilib ki, sərnişinlərin və uçuşların təhlükəsizliyi AZAL üçün əsas prioritetdir. Bütün əməliyyat qərarları mövcud şərait və təhlükəsizlik tələbləri nəzərə alınmaqla qəbul edilir.
Mənbə
oxu.az