İdman
Kanada dünya çempionatına getmək istəyən azarkeşlərə viza vermədi
Kanada hökuməti futbol üzrə dünya çempionatına yollanmaq istəyən azarkeşlərin viza müraciətlərinin yarısından azını təsdiqləyib. Oxu.Az xəbər verir ki, bu barədə CTV telekanalı məlumat yayıb. Məlumata əsasən, Kanadanın İmmiqrasiya, Qaçqınlar və Vətəndaşlıq Nazirliyinə 160-dan çox ölkədən viza verilməsi ilə bağlı 17 minə yaxın müraciət daxil olub. Lakin bu müraciətlərin cəmi 41%-nə müsbət cavab verilib. Ən çox müraciət milli komandası iyunun 17-də Torontoda Panama yığması ilə (1:0) qarşılaşan Qanadan qeydə alınıb. Yekun nəticədə Kanada rəsmiləri qanalı azarkeşlərin turist vizası üçün etdiyi 1 725 müraciətin sadəcə 11%-ni təmin ediblər. ABŞ, Kanada və Meksikada keçirilən dünya çempionatına iyulun 19-da yekun vurulacaq. Turnirdə ilk dəfə olaraq 48 komanda iştirak edir və onlar 12 qrupa bölünüb. Hər kvartetin ən güclü iki komandası, həmçinin üçüncü yeri tutan ən yaxşı səkkiz yığma 1/16 finala vəsiqə qazanacaq. Kanadada oyunlara Vankuver və Toronto şəhərləri ev sahibliyi edir.
Mənbə
oxu.az