İdman
Dünya Çempionatında gərgin gecə: Hansı komandalar mərhələ adlayacaq?
Futbol üzrə dünya çempionatında qrup mərhələsinin həlledici - üçüncü turun oyunları davam etməkdədir. Oxu.Az xəbər verir ki, qrup mərhələsinin sonuncu turu azarkeşlərə bir-birindən maraqlı qarşılaşmalar vəd edir. E qrupunun həlledici görüşlərində Kürasao Kot-d'İvuarla, Ekvador isə Almaniya ilə üz-üzə gələcək. Hər iki matçın start fiti Bakı vaxtı ilə iyunun 26-ı saat 00:00-da səslənəcək. Geridə qalan iki turdan sonra E qrupuna 6 xalla Almaniya liderlik edir. Aktivində 3 xal olan Kot-d'İvuar ikinci, Ekvador və Kürasao milliləri isə 1 xalla müvafiq olaraq üçüncü və dördüncü pillələri bölüşürlər. F qrupunun qarşılaşmalarında isə Yaponiya İsveç ilə, Tunis isə Niderland ilə üz-üzə gələcək. Hər iki görüş iyunun 26-ı Bakı vaxtı ilə saat 03:00-da başlayacaq. Hazırda F qrupunda vəziyyət belədir: 4 xal toplayan Niderland və Yaponiya ilk iki sıranı ələ keçirib. Onları 3 xalla üçüncü yerdə qərarlaşan İsveç izləyir, xal hesabını aça bilməyən Tunis isə sonuncu yerdədir. D qrupunun mübarizəsində isə iyunun 26-i saat 06:00-da Türkiyə ABŞ ilə, Paraqvay isə Avstraliya ilə mühüm xallar uğrunda yaşıl meydanda gücünü sınayacaq. D qrupunun turnir cədvəlinə nəzər salsaq, ABŞ-nin 6 xalla vahid lider olduğunu görərik. Avstraliya və Paraqvay hərəyə 3 xalla ikinci və üçüncü yerləri tutur, Türkiyə yığması isə qrupun autsayderidir və aktivində xal yoxdur. Dünya çempionatı III tur E qrupu 26 iyun 00:00. Kürasao - Kot-d'İvuar 00:00. Ekvador - Almaniya. F qrupu 26 iyun 03:00. Yaponiya - İsveç 03:00. Tunis - Niderland. D qrupu 26 iyun 06:00. Türkiyə - ABŞ 06:00. Paraqvay - Avstraliya. Qeyd edək ki, mundiala iyulun 19-da yekun vurulacaq.
Mənbə
oxu.az