Dünya
İlon Maskdan şok iddia: "ABŞ COVID-19-un yaradılmasında başlıca rol oynayıb"
Amerikalı sahibkar İlon Mask COVID-19 virusunun meydana çıxmasında ABŞ-nin mərkəzi rol oynadığını iddia edib. Oxu.Az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində Uhan Virusologiya İnstitutunun maliyyələşdirilməsi ilə bağlı paylaşımı şərh edərkən yazıb. "USAID-in (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) maliyyələşdirməsi COVID-19-un yaradılmasında mərkəzi rol oynayıb", - deyə Mask bildirib. Bundan əvvəl bir istifadəçi 2025-ci ilin iyulunda fəaliyyətini dayandırmış USAID-in Çinin Uhan Virusologiya İnstitutuna 53 milyon dollar ayırdığını iddia etmişdi. Qeyd edək ki, iyunun 12-də ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard bəyan etmişdi ki, ABŞ hökuməti Ukraynada və daha onlarla ölkədə təhlükəli patogenlərlə işləyən biolaboratoriyaları dəstəkləyib. Onun sözlərinə görə, söhbət 30-dan çox ölkədə fəaliyyət göstərən 120-dən artıq biolaboratoriyadan gedir. Milli Kəşfiyyat İdarəsinin ofisi həmçinin Co Bayden administrasiyasının xaricdə yerləşən Amerika biolaboratoriyalarının mövcudluğu barədə ictimaiyyətə yanlış məlumat verdiyini və bunun fəlakətli nəticələrə səbəb ola biləcəyini vurğulamışdı.
Mənbə
oxu.az