Dünya
Gürcüstan parlamentinin sədri Bayden administrasiyasını ittiham etdi
"ABŞ-nin keçmiş prezidenti Co Bayden administrasiyası Gürcüstanda hakimiyyəti antidemokratik üsullarla dəyişməyə cəhd edib". Oxu.Az xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili "Rustavi 2" telekanalına müsahibəsində bildirib. "Co Bayden administrasiyası Gürcüstanda hakimiyyəti antidemokratik üsullarla dəyişməyə çalışırdı. Bunun təsdiqi kimi yeni administrasiyanın - Donald Tramp administrasiyasının USAID-in fəaliyyətini dayandırmasını göstərmək olar. Amerika xalqının pulları müxtəlif ölkələrdə hakimiyyətlərin dəyişdirilməsi üçün istifadə olunurdu və Gürcüstan da USAID-in hakimiyyəti antidemokratik yolla dəyişməyə çalışdığı ölkələrdən biri idi", - deyə Papuaşvili bildirib. Papuaşvili əlavə edib ki, ABŞ tərəfinin bu cür cəhdləri Gürcüstanda həm 2020-ci, həm də 2024-cü il parlament seçkisindən sonra müşahidə olunub. 2024-cü ildə Tbilisi ilə Vaşinqton arasında münasibətlər daha da gərginləşib. Gürcüstanın baş naziri noyabrın 28-də ölkənin Avropa İttifaqına üzvlüklə bağlı danışıqların başlanması prosesinin dayandırıldığını açıqladıqdan sonra ABŞ Dövlət Departamenti Gürcüstanla strateji tərəfdaşlığı dayandırıb. Eyni zamanda, Donald Trampın prezidentliyə qayıdışından sonra Gürcüstan hakimiyyəti Vaşinqtonla münasibətlərin normallaşacağına ümid etdiyini dəfələrlə bəyan edib və ABŞ tərəfindən qarşılıqlı addımlar gözlədiyini bildirib.
Mənbə
oxu.az