Dünya
ABŞ-nin vasitəçiliyi ilə aparılan İsrail-Livan danışıqları dalana dirənib
Vaşinqtonda İsrail və Livan arasında keçirilən danışıqların ilk raundu heç bir razılaşma əldə olunmadan başa çatıb. Buna əsas səbəb İsrail ordusunun qüvvələrinin çıxarılması şərtləri və müddətləri ilə bağlı tərəflər arasında ciddi fikir ayrılıqlarının olmasıdır. Oxu.Az xəbər verir ki, bu barədə "Axios" nəşri məlumat yayıb. ABŞ vasitəçiləri hazırda tərəflərin mövqelərini yaxınlaşdırmaq və danışıqlar prosesini yaranmış dalandan çıxarmaq üçün yeni mərhələyə start veriblər. Vaşinqtonda keçirilən danışıqların beşinci raundunun ilk görüşünün gedişi ilə tanış olan mənbənin sözlərinə görə, İsrail nümayəndə heyətinin rəhbəri və İsrailin ABŞ-dəki səfiri Yexiel Layter Livan məsələsi ilə bağlı ABŞ və İran arasında razılaşdırılmış mexanizmə qəti etirazını ifadə edib. Mənbə bildirib ki, Layter çıxışı zamanı ABŞ nümayəndələri onun mövqeyini yumşaltmaq və gərginliyi azaltmaq məqsədilə bir neçə dəfə müdaxilə etməli olublar. Məlumata görə, Vaşinqton İsrail tərəfini İranın yaradılmış mexanizmdə iştirakının vacibliyinə inandırmağa çalışıb. ABŞ hesab edir ki, bu mexanizm "Hizbullah" üzvlərinə təsir göstərərək onların Vaşinqton və Tehran arasında imzalanmış memorandum üzrə öhdəlikləri, o cümlədən Livanın birliyinin və suverenliyinin qorunmasına dair müddəaları yerinə yetirməsinə kömək edə bilər. Vaşinqtonda başlayan yeni danışıqlar raundu münaqişənin nizamlanması baxımından mühüm mərhələ hesab olunur. Bu dəfə tərəflər ümumi bəyanatlarla kifayətlənməyərək konkret addımları, o cümlədən Livanın cənubunda xüsusi "pilot zonalar"ın yaradılması imkanını müzakirə etməyə başlayıblar.
Mənbə
oxu.az