Dünya
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
İsrailin "Esh-Tech" şirkəti hava hücumundan müdafiə sahəsində yeni "DroneLight" lazer qurğusunu təqdim edib. Oxu.Az xəbər verir ki, bu barədə mk.ru məlumat yayıb. Sistemin əsas fərqi onun impuls prinsipi ilə işləməsidir. Bu texnologiya lazer şüasını hər bir hədəf üzərində uzun müddət saxlamağa ehtiyac qalmadan çoxsaylı obyektləri sürətlə məhv etməyə imkan verir. Müasir lazer sistemlərinin əksəriyyətində hədəfin məhv edilməsi üçün ona bir neçə saniyə ərzində fasiləsiz təsir göstərmək tələb olunur. "DroneLight" isə qısa və fokuslanmış impulslar göndərir. Bir pilotsuz uçuş aparatının zərərsizləşdirilməsi cəmi 1-2 saniyə çəkir. Bu xüsusiyyət sistemə 60 saniyə ərzində 30-dan çox hava hədəfini sıradan çıxarmağa imkan verir. Bu isə adi hava hücumundan müdafiə vasitələrini yükləyə bilən kütləvi hücumların qarşısının alınmasında xüsusi əhəmiyyət daşıyır. Qurğunun digər üstünlüyü ilk zərbədən sonra hədəfin tam məhv edilməsini təmin etmək üçün əlavə impulslar göndərməsidir. Bunun sayəsində sistem bir hədəfdən digərinə demək olar ki, dərhal keçə bilir və ümumi döyüş effektivliyini artırır. "DroneLight"ın təsir radiusu təxminən 1 kilometrdir. Bu göstərici onu yaxın müdafiə xətti sistemləri sinfinə aid edir. Hədəflərin aşkarlanması və müşayiəti üçün qurğu radar, akustik və optik sensorlarla inteqrasiya olunur. Sistemin enerji sərfiyyatı 4 kilovatdan artıq deyil. Bu göstərici hazırda hazırlanmaqda olan və ya silahlanmada olan yüksəkenerjili lazer sistemlərinin əksəriyyətindən xeyli aşağıdır. Nəticədə qurğunun mobil platformalara inteqrasiyası asanlaşır və əlavə generatorlara olan tələbat azalır.
Mənbə
oxu.az