Dünya
ABŞ ilə Türkiyə arasında 700 milyon dollarlıq hərbi sövdələşmə
ABŞ Prezidenti Donald Tramp administrasiyası ABŞ Konqresindəki etirazlara baxmayaraq, Türkiyəyə yüz milyonlarla dollar dəyərində onlarla aviasiya mühərrikinin satışını planlaşdırır. Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" vəziyyətlə tanış olan dörd mənbəyə istinadən məlumat yayıb. Söhbət "General Electric" şirkəti tərəfindən istehsal olunan mühərriklərdən gedir. Həmin mühərriklərin Ankaranın xarici silah tədarükçülərindən asılılığını azaltmaq məqsədilə 2016-cı ildə başladığı iri müdafiə layihəsi olan KAAN qırıcısında istifadə ediləcəyi bildirilir. Mənbələrdən birinin sözlərinə görə, sövdələşmənin dəyəri 700 milyon dollardan artıqdır. Demokrat konqresmen Qreqori Miks də daxil olmaqla bəzi qanunvericilərin etirazlarına baxmayaraq, müqavilə prosesinin yaxın günlərdə yekunlaşacağı gözlənilir. Bundan sonra ABŞ Dövlət Departamenti Konqresi rəsmi şəkildə məlumatlandırmalıdır. Qeyd olunur ki, sövdələşmə ilə bağlı qərar iyulun 7-8-də Türkiyənin ev sahibliyi edəcəyi NATO sammiti ərəfəsində Ankaraya yönəlmiş mühüm siyasi jest kimi qiymətləndirilir. Bununla belə, Türkiyənin "F-35 Lightning II" proqramından çıxarılması və Rusiyadan "S-400 Triumf" zenit-raket sistemləri almasına görə tətbiq edilən sanksiyalardan sonra Vaşinqtonla Ankara arasında münasibətlər gərgin olaraq qalır. ABŞ həmin sistemləri öz təhlükəsizliyi üçün risk hesab edir. Eyni zamanda, mənbələr bildirirlər ki, Donald Trampın prezidentliyi dövründə Vaşinqton və Ankara arasında münasibətlər ümumilikdə müsbət məcrada inkişaf edir. Tramp da mütəmadi olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla əməkdaşlığa önəm verdiyini vurğulayır.
Mənbə
oxu.az