Dünya
Zelenski ilə məxfi yazışmalar üzə çıxdı: Avropa Komissiyası sədrinə qarşı araşdırma
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Ukrayna Prezidenti Volodimir Zelenski və Aİ liderləri ilə apardığı gizli yazışmalarla bağlı qalmaqalın mərkəzinə düşüb. Oxu.Az xəbər verir ki, bu barədə "Berliner Zeitung" nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, Ursula fon der Lyayen barəsində təhqiqat başlanılıb. Buna səbəb kimi Avropa Komissiyasının Niderlandda fəaliyyət göstərən "Follow the Money" təşkilatının tələbinə baxmayaraq, qrup çatındakı yazışmaları ictimaiyyətə açıqlamaqdan imtina etməsi göstərilir. Qeyd olunur ki, sözügedən məxfi yazışmalarla bağlı ilk məlumatlar bu ilin yanvar ayında mediada yayılmışdı. Bildirilir ki, araşdırmaya Aİ ombudsmanı Tereza Anjinyo tərəfindən başlanılıb və bununla bağlı rəsmi məktub ötən həftə Avropa Komissiyasına göndərilib. Məlumata əsasən, gizli qrup çatının iştirakçıları arasında Almaniya kansleri Fridrix Merts, Ukrayna Prezidenti Volodimir Zelenski, Fransa Prezidenti Emmanuel Makron, İtaliyanın Baş naziri Corcia Meloni və Böyük Britaniyanın Baş naziri vəzifəsindən ayrılan Kir Starmer də yer alıblar. Bundan əvvəl də "Berliner Zeitung" Ursula fon der Lyayenin korrupsiya ittihamları fonunda Volodimir Zelenskini açıq şəkildə müdafiə etməsinə görə tənqid olunduğunu yazmışdı. Fon der Lyayenə qarşı irəli sürülən əsas ittihamlardan biri onun, xüsusilə, Ukraynaya ayrılan iri maliyyə vəsaitləri fonunda, Zelenskini mümkün məsuliyyətdən kənarda saxlamağa çalışması ilə bağlıdır. Xatırladaq ki, Ursula fon der Lyayen əvvəlki çıxışlarında Ukraynaya göstərilən dəstəyin artırılmasının vacibliyini dəfələrlə vurğulayıb və yardım həcminin ikiqat artırılmasına çağırış edib.
Mənbə
oxu.az