Dünya
Pedro Sançes həyat yoldaşına qarşı məhkəmə qərarlarına etiraz etdi
İspaniya hökumətinin rəhbəri Pedro Sançes həyat yoldaşı Beqonya Qomes barəsində məhkəmə tərəfindən tətbiq edilən qətimkan tədbirlərinin bütün məntiqi sərhədləri aşdığını bildirib. Oxu.Az xəbər verir ki, bu barədə baş nazir parlamentdə çıxışında deyib. O qeyd edib ki, Qomesə qarşı istintaq prokurorluğun mövqeyinə zidd olaraq aparılıb. Sançesin sözlərinə görə, həyat yoldaşına qarşı seçilmiş tədbirlər bütün ağlabatan çərçivələrdən kənara çıxır. Qeyd edək ki, İspaniya hökuməti rəhbərinin həyat yoldaşına qarşı təhqiqat 2024-cü ildə başlayıb. O, vəsaitlərin israf edilməsində, nüfuzdan istifadədə, qanunsuz mənimsəmədə və biznesdə korrupsiya hallarında şübhəli bilinir. İyunun 20-də hakim Xuan Karlos Peynado baş nazirin xanımına qarşı məhkəmə prosesinin başlanması barədə qərar qəbul edib. Qətimkan tədbiri olaraq o, Qomesin pasportunun müsadirə olunmasını və ölkə ərazisini tərk etməsinin qadağan edilməsini əmr edib. Prokurorluq işin bağlanması ilə bağlı vəsatət qaldırıb və xəbərdarlıq edib ki, əgər məhkəmə baxışın başlanması barədə qərar qəbul edərsə, şübhəli şəxslər üçün bəraət hökmünün çıxarılmasına çalışacaq. Öz növbəsində, Qomesə qarşı iddia qaldıran ifrat sağçı "Hazte Oir" assosiasiyası onun 24 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Mənbə
oxu.az