Kriminal

Beynəlxalq axtarışda olan şəxs BƏƏ-dən Azərbaycana ekstradisiya edilib

21 Jun 2026, 18:00 2 baxış
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-dən Azərbaycana ekstradisiya edilib
Ədliyyə Nazirliyi tərəfindən xarici dövlətlərin aidiyyəti qurumları ilə beynəlxalq axtarışa verilmiş, cinayət törədilməsində ittiham olunan şəxslərin tutularaq ölkəmizə gətirilməsi ilə bağlı səmərəli əməkdaşlıq tədbirləri davam etdirilir. Oxu.Az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Bildirilib ki, İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və hazırda yeri müəyyən edilən daha bir şəxsin iyunun 21-də nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib. Belə ki, 2024-2025-ci illər ərzində bir sıra şəxslərlə cinayət əlaqəsinə girib ağır və xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış cinayətkar birlikdə iştirak etməkdə, terror aktları törətmək üçün hazırlıq işləri görməkdə, həmçinin müxtəlif yollarla əldə edilmiş pul vəsaitlərinin ölkəmizin hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmiş şəxslərin, o cümlədən İŞİD terror təşkilatının hesablarına göndərilməsində iştirak etməklə terrorçuluğun maliyyələşdirilməsində (Cinayət Məcəlləsinin 28,214.2.1, 28,214.2.6, 214-1, 28,277 və 218.2-ci maddələri) ittiham edilmiş Azərbaycan vətəndaşı Elşən İlham oğlu Əsgərovun yeri Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) müəyyən olunub və o, həbs edilib. "BƏƏ ilə mövcud olan Ekstradisiya haqqında ikitərəfli müqaviləyə əsasən, səlahiyyətli qurum kimi Ədliyyə Nazirliyi tərəfindən müvafiq sorğu və tələb olunan sənədlər qarşı tərəfə təqdim olunub, habelə səmərəli danışıqlar aparılıb. Nəticədə, həmin şəxsin ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Elşən Əsgərov Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Baş İdarəsinin və nazirliyin Penitensiar Xidmətinin məsul əməkdaşları tərəfindən BƏƏ-dən ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridaxanasına yerləşdirilib. Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir", - məlumatda deyilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər