Dünya

ABŞ-də XXI əsrin ən səs-küylü cinayət işlərindən birinə yekun vuruldu

19 Jun 2026, 04:00 3 baxış
ABŞ-də XXI əsrin ən səs-küylü cinayət işlərindən birinə yekun vuruldu
Nyu-York ştatında XXI əsrin ən səs-küylü cinayət işlərindən biri yekunlaşıb. Səkkiz qadını qətlə yetirməkdə təqsirləndirilən 62 yaşlı manyak Reks H. şərti azadlığa çıxmaq hüququ olmadan ömürlük həbs cəzasına məhkum edilib. Oxu.Az xəbər verir ki, bu barədə "Spiegel" nəşri məlumat yayıb. Bildirilib ki, müvafiq qərarı Lonq-Aylendin Riverhed qəsəbəsindəki məhkəmədə hakim Timoti Mazzei elan edib. İki uşaq atası və uğurlu memar olan Reks H. onilliklər boyu qorxunc bir ikili həyat sürüb. Həyat yoldaşı şəhərdə olmadıqda o, qadınları qaçıraraq işgəncə verir və boğaraq öldürürdü. Qatil qurbanlarının cəsədlərini Lonq-Aylend sahillərinə atırdı. Qeyd edək ki, "Qilqo-Biç qətlləri" kimi tanınan bu hadisələr 2010-cu ildə Lonq-Aylendin cənub sahilində 11 nəfərin - doqquz qadın, bir kişi və bir uşağın cəsədlərinin tapılmasından sonra bütün ABŞ-ni sarsıtmışdı. Sonradan bu qanlı hadisələr 2020-ci ildə ekranlara çıxan "İtkin qızlar" (Lost Girls) bədii filminin süjet xəttinin əsasını təşkil edib. İstintaq orqanları on ildən çox müddət ərzində manyakın izinə düşə bilməmişdilər. Cinayət işində əsas dönüş nöqtəsi 2023-cü ilin iyulunda memarın Manhettendəki ofisinin yaxınlığında həbs edilməsi oldu. Şübhəlinin kimliyini müəyyənləşdirmək üçün bir neçə vacib ipucu kömək edib: qurbanlardan birinin itkin düşməsinin şahidləri qatilin avtomobilini görmüşdülər, həmçinin müasir DNT analizi sayəsində cəsədlərdə tapılan saç telləri təqsirləndirilən şəxsin genetik profili ilə uyğunlaşdırılmışdı. Əvvəlcə günahsız olduğunu iddia edən cinayətkar, sonda təkzibolunmaz sübutlar qarşısında təslim olub. 2026-cı ilin aprelində o, 1993-2010-cu illər aralığında törədilmiş yeddi qətldə günahını tam etiraf edib, həmçinin əvvəllər əlaqəsi sübuta yetirilməmiş səkkizinci qurbanın da məsuliyyətini öz üzərinə götürüb.
Mənbə oxu.az

Oxşar Xəbərlər