Dünya
ABŞ İranın dəniz blokadasını dayandırdı
ABŞ Silahlı Qüvvələri İranla bağlı tətbiq edilən dəniz blokadasını dayandırıb və artıq İran limanlarına daxil olan və ya oradan çıxan gəmilərin hərəkətinə mane olmur. Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb. "Birləşmiş Ştatlar prezidenti tərəfindən verilən göstərişə uyğun olaraq, İran limanlarına və sahil zonalarına daxil olan və ya oradan çıxan bütün dəniz nəqliyyatına tətbiq edilən blokada dayandırılıb. ABŞ Silahlı Qüvvələri artıq Fars və Oman körfəzlərində yerləşən İran limanlarına gedən və ya həmin limanlardan çıxan gəmilərin tranzitinə maneçilik törətmir. ABŞ tərəfindən hərbi blokadanın təmin edilməsinə yönəlmiş bütün tədbirlər dayandırılıb", - deyə açıqlamada bildirilir. CENTCOM-un məlumatına görə, ABŞ hərbi gəmiləri əldə olunmuş razılaşmaların icrasına nəzarət etmək məqsədilə regionda fəaliyyətini davam etdirəcək. Qeyd olunub ki, onların əsas vəzifəsi sazişin bütün müddəalarına əməl olunmasına nəzarət etmək və razılaşmanın icrasını təmin etməkdir. Xatırladaq ki, ABŞ və İran arasında münaqişənin dayandırılmasını nəzərdə tutan 14 bəndlik memorandum imzalanıb. İsveçrədə keçirilməsi planlaşdırılan tədbirin həmin sənədin təntənəli imzalanma mərasimi olduğu bildirilir.
Mənbə
oxu.az