Dünya
ABŞ 2027-ci ildə hərbi xərclərini 1.5 trilyon dollara çatdıracaq
Birləşmiş Ştatlar hökuməti "azadlıq arsenalı" adlandırılan təşəbbüsü reallaşdırmaq məqsədilə 2027-ci ildə müdafiə sahəsinə 1.5 trilyon dollar yönəltməyi planlaşdırır. Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-nin hərb naziri Pit Heqset Brüsseldə keçirilən NATO ölkələrinin müdafiə nazirlərinin toplantısında məlumat verib. "Son altı ay ərzində şahidi olduğunuz kimi, Prezident Donald Tramp ölkənin hərbi büdcəsinin artırılmasında qərarlıdır: 2026-cı ildə 1 trilyon dollardan çox, 2027-ci ildə isə 1.5 trilyon dollar vəsait xərclənəcək", - deyə Heqset qeyd edib. Nazir əlavə edib ki, ABŞ NATO çərçivəsindəki xərc öhdəliklərinə əməl etməklə yanaşı, onu daha da artıracaq. Görüşdən əvvəl o bildirib ki, rəsmi Vaşinqton bu addımı ilə ABŞ-nin hərbi-sənaye kompleksinin işini sürətləndirmək və müasirləşdirmək üçün nəzərdə tutulan "azadlıq arsenalı"nı yaratdığına dair dünyaya açıq bir siqnal vermək niyyətindədir.
Mənbə
oxu.az