Dünya
Pentaqon rəhbəri növbəti dəfə NATO-nu tənqid etdi
ABŞ-nin NATO-ya edəcəyi ödənişlərin həcmi alyansa üzv olan digər dövlətlərin müdafiə xərcləri üzrə hədəflərini necə yerinə yetirməsindən asılı olacaq. Oxu.Az xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Pit Heqset NATO ölkələrinin müdafiə nazirlərinin toplantısında məlumat verib. "Gələcəkdə bizim NATO-ya edəcəyimiz illik ödənişlər digər ölkələrin müdafiə xərcləri ilə bağlı hədəflərini icra etmələrinə bağlı olacaq. Digər müttəfiqlərin vəsaitləri çevik şəkildə xərcləmədiyi hallarda, bizim maliyyə töhfəmiz azalacaq. Amerika Avropanın müdafiəsi üçün müttəfiqlərimizdən daha çox narahat ola və ya bunun üçün onlardan çox pul ödəyə bilməz. Bizim milli müdafiə strategiyamızda açıq şəkildə bildirilir ki, müttəfiqlərimizi fəallaşmağa və öz töhfələrini verməyə təşviq edəcəyik. Bu səbəbdən bunu etməyən, ən vacib anlarda "yox", "bəlkə də" və ya "gözləyək görək" deyən müttəfiqləri diqqətlə nəzarətdə saxlayacağıq", - deyə Heqset bildirib. Hərb naziri, həmçinin NATO-nun çox uzun müddət ərzində "kağız pələng" və "birtərəfli yol" olduğunu deyib. Onun sözlərinə görə bundan sonra isə alyans belə davam etməməlidir. "Müttəfiqlərimiz fəallaşmalıdırlar. Prezident Donald Tramp uzun illərdir bu barədə çox açıq danışıb, NATO həddindən artıq uzun müddət "kağız pələng" və "birtərəfli yol" olub. Daha belə olmayacaq. Müdafiə xərcləri ilə bağlı öhdəliklərin əsas mənası da elə budur: NATO-nu sərt gücə və real çəkindirməyə istiqamətlənmiş əsl hərbi alyansa, NATO 3.0-a (3-cü versiya) çevirmək. Belə ki, bu halda müttəfiqlərimiz Avropanın ənənəvi müdafiəsində aparıcı rolu faktiki olaraq öz üzərilərinə götürəcəklər", - deyə o qeyd edib. Bundan başqa Pentaqonun rəhbəri Pit Heqset ABŞ-nin NATO üzrə bir çox müttəfiqlərinin İranla münaqişədə amerikalılara yardım etməkdən boyun qaçırması bəraəti olmayan biabırçılıq adlandırıb. "Müttəfiqlərimizin çoxu "yox" dedi, ya bizi mürəkkəb hüquqi müzakirələrdə boğmağa çalışdı, ya da özlərinin hazır olmadıqları və ya bacarmadıqları işlərə görə bizi ictimai şəkildə tənqid etdilər. Bu, biabırçılıq idi", - deyə alyansın bir sıra üzvlərinin İranla qarşıdurmada ABŞ-yə dəstək göstərməkdən imtina etməsinə şərh verən nazir vurğulayıb. Heqsetin sözlərinə görə, ABŞ hərbçilərinin yerdəyişməsi və hərbi əməliyyatların aparılması məqsədilə hərbi bazalara çıxışın verilməməsi də daxil olmaqla, bu cür imtinalar amerikalı hərbçilərin həyatını təhlükə altına atıb.
Mənbə
oxu.az