İdman

Eyforiyadan reallığa: Türkiyənin acı başlanğıcı

14 Jun 2026, 17:00 2 baxış
Eyforiyadan reallığa: Türkiyənin acı başlanğıcı
Türkiyə millisinin 24 ildən dünya çempionatına yüksələndən sonra keçirdiyi ilk oyunda aldığı gözlənilməz məğlubiyyət hər kəs kimi məni də təəccübləndirdi. Ancaq nə qədər gözlənilməz görünsə də, qardaş ölkənin turnirə uğursuz nəticə ilə başlayacağı ehtimalı mənim üçün tam yad deyildi. Səbəblərini izah edim. İlk növbədə, Montellanın hücumçusuz oyun planı əvvəllər nəticə versə də, hündür və fiziki cəhətdən güclü müdafiəçilərə qarşı klassik 9 nömrədən istifadə etməmək riskli seçimdir. Balacaboy futbolçu sayılan Kərəm Aktürkoğlu nəhəng müdafiəçilərin arasında təsir imkanlarını itirirdi. Türkiyənin hücumlarının böyük hissəsi isə uzaqdan zərbələr və cərimə meydançasına hava ötürmələri üzərində qurulmuşdu. Uzaqdan zərbələr müəyyən qədər başadüşüləndir, amma hücumçusuz oynadığın, rəqib müdafiəsinin hava toplarında üstün olduğu bir matçda ardıcıl asmalar etmək məntiqsiz görünürdü. Uzaqdan zərbələrə gəlincə, Arda Güler və Hakan Çalhanoğlu kimi ustalar bir çox epizodda qərar verməkdə gecikir, nəticədə zərbələr müdafiəçilər tərəfindən bloklanırdı. Digər tərəfdən, italyan mütəxəssisin əvəzetmə strategiyası da suallar doğurdu. Hesabda geridə olduğu vaxt müdafiəyə daha çox meyilli olan Salih Özcan və Mert Müldürü meydana buraxmağın məntiqi aydın görünmürdü. Avstraliya bu qələbəni cəmi 28 faiz topa sahib olmaqla qazandı. Bu isə bir daha göstərir ki, müasir futbolda əsas məsələ topa sahib olmaq deyil, ondan necə istifadə etməkdir. Qardaş ölkənin heyətində diqqətçəkən digər problem isə uğurlardan sonra eyforiyaya həddindən artıq tez qapılmalarıdır. Türkiyə millisi daha əvvəl də qrup mərhələsinə vəsiqə qazandığı Avropa çempionatında bu problemin əlamətlərini göstərmişdi. Bugünkü oyunda da bəzi məqamlarda komanda sanki nəticə qazanmaqdan çox öz oyununu nümayiş etdirməyə çalışırdı. Komanda sanki "reels" çəkmək üçün meydanda idi, nəinki futbol oynamaq. Rəqib isə bu arxayınlığı sürətli keçidlərlə cəzalandırdı. İstənilən halda, Türkiyə millisi üçün hələ heç nə itirilməyib. Qarşıdakı görüşlərdə lazım olan nəticələri qazanaraq pley-off mərhələsinə yüksəlmək mümkündür. Qardaş ölkəyə növbəti oyunlarda uğurlar arzulayırıq.
Mənbə oxu.az

Oxşar Xəbərlər