Digər

AP-dən türk nazirə sanksiya tələbi - Ankaradan cavab

13 Jun 2026, 17:07 1 baxış
AP-dən türk nazirə sanksiya tələbi - Ankaradan cavab

Türkiyə Cümhuriyyəti demokratik, qanunun aliliyi ənənəsinə malik müstəqil və suveren bir ölkədir. Türkiyə məhkəmə sistemi qərarlarını konstitusiya, qanunlar və millətimiz adından sahib olduğu məhkəmə səlahiyyətləri çərçivəsində qəbul edir.


Axar.az xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Akın Gürlek sosial şəbəkə hesabında Avropa Parlamentinin (AP) ölkəsi ilə bağlı hesabatına reaksiya verərkən qeyd edib.


“Türkiyədə davam edən məhkəmə proseslərini təhrif etmək və hələ də istintaq altında olan işlər əsasında siyasi kampaniyalar aparmaq, eləcə də Türkiyə məhkəmə sisteminə və mənə qarşı əsassız ittihamlar irəli sürmək yalnız ideoloji qərəzlə izah edilə bilən bir münasibətdir. Avropa Parlamentindəki müəyyən dairələr tərəfindən təşviq edilən bu siyasi motivli yanaşma bu şəxslərin təmsil etdiyi qurumların etibarlılığını sarsıdır. Bizim üçün həqiqətən vacib olan əziz millətimizin vicdanı və müstəqil Türkiyə məhkəmələrinin qərarlarıdır.


Avropa Parlamentinin hesabatları məsləhət xarakterli siyasi mətnlərdir. Bu mətnlər vasitəsilə Türkiyə Cümhuriyyətinin məhkəmə qurumlarını hədəf almaq milli iradəyə və dövlətimizin suveren hüquqlarına qarşı boş bir cəhddir.


Bələdiyyə idarəçiliyindən tutmuş seçki kampaniyalarına qədər, müxtəlif məsələlərdə mübahisələrə səbəb olan AP üzvünün öz siyasi karyerasında şəffaflıq, etika və hesabatlılıqla bağlı ictimai müzakirələri də araşdırması məqsədəuyğun olardı.


Türkiyə terrorizm, mütəşəkkil cinayətkarlıq, korrupsiya və hər cür qanunsuzluğa qarşı mübarizəsini qətiyyətlə davam etdirir. Bu mübarizəni nə daxildən, nə də xaricdən aparılan siyasi təzyiq kampaniyaları poza bilməz”, - nazir bildirib.


Qeyd edək ki, AP-nin plenar iclasında (17 iyun - red.) səsverməyə çıxarılacaq Türkiyə ilə bağlı son hesabat layihəsində ilk dəfə türk məmura qarşı sanksiyalar tətbiq edilməsi tələbi yer alır. Layihə mətnində insan haqlarının pozulmasında məsul hesab edilən ədliyyə naziri Akın Gürlekin aktivlərinin dondurulması tələb olunur.

Mənbə axar.az

Oxşar Xəbərlər