Sükan arxasında yatdı: 2 nəfərin ölümünə səbəb oldu
İyunun 8-i saat 13 radələrində, Goranboy rayonunun Səmədabad kəndi ərazisində rayon sakini 73 yaşlı Səməndər Cəfərov idarə etdiyi VAZ-2107 markalı avtomobillə əks istiqamətli hərəkət zolağına çıxaraq, qarşıdan gələn həmyerlisi 86 yaşlı Şahbaz Qarayevin idarə etdiyi VAZ-2106 markalı avtomobillə toqquşub.
Baş Dövlət Yol Polisi İdarəsindən Axar.az-a bildirilib ki, qəza nəticəsində Şahbaz Qarayev, eləcə də Səməndər Cəfərovun sərnişini Rza Qasımov hadisə yerində həyatlarını itirib.
Sözügedən yol-nəqliyyat hadisəsi zamanı VAZ-2107 markalı avtomobilin sürücüsünün sükan arxasında yuxulaması ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi yorğun, yuxusuz və ya səhhətində problem olan şəxslərin sükan arxasında əyləşməsi səbəbindən dəfələrlə ağırlıq dərəcəsi yüksək olan yol-nəqliyyat hadisələrinin törədildiyini bir daha təəssüflə qeyd edir, sürücülərə müraciət edərək onları belə hallardan çəkinməyə, özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyinə, həyat və sağlamlığına biganə yanaşmamağa çağırır.