Dünya
Yaxın Şərq böhranı ABŞ aviaşirkətlərini çökdürə bilər - Yanacaq sürətlə bahalaşır
Aprel ayında ABŞ aviaşirkətləri təyyarə yanacağına altı milyard dollardan çox vəsait xərcləyiblər. Bu, yanacaq istehlakının bir qədər azalmasına baxmayaraq, ödəniş baxımından əvvəlki illə müqayisədə 78% çoxdur. Oxu.Az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məqalə dərc edib. Bildirilib ki, aviasiya sənayesinin aparıcı qlobal ticarət qrupu yüksələn enerji xərclərinin 2026-cı ildə mənfəəti yarıya qədər azalda biləcəyi barədə xəbərdarlıq edib. Bu ilin əvvəlində ABŞ və İsrailin İrana zərbələr endirməsindən sonra Yaxın Şərqdə başlayan münaqişə səbəbindən İranla sərhəddə yerləşən və mühüm neft tranzit yolu olan Hörmüz boğazında gəmiçilik fəaliyyəti faktiki olaraq dayanıb. Bu isə neftin və aviasiya yanacağının qiymətinin artmasına gətirib çıxarıb. Xərcləri məhdudlaşdırmaq məqsədilə dünyanın dörd bir yanındakı aviaşirkətlər bilet qiymətlərini və rüsumları qaldırıb, əlavə xidmətləri ləğv edib, uçuşları dayandırıb və ya qrafikləri qısaldıb. Nəqliyyat Statistikası Bürosunun məlumatına əsasən, ABŞ daşıyıcıları aprel ayında yanacağa təxminən 6.5 milyard dollar xərcləyib. Bir il əvvəl isə bu rəqəm 3.6 milyard dollar təşkil edirdi. Aprel ayında yanacaq istehlakı 1.573 milyard qallon (5.961 mlrd. litr) olub ki, bu da ötən ilki 1.575 milyard qallon (5.969 mlrd. litr) göstəricisindən bir qədər azdır. Məqalədə qeyd olunub ki, ən son rəqəmlər Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) bazar günü dərc etdiyi hesabatla eyni vaxta təsadüf edir. Qurum qlobal aviaşirkətlərin 2026-cı ildə ümumilikdə 23 milyard dollar xalis mənfəət əldə edəcəyini proqnozlaşdırır. Bu, əvvəlki 41 milyard dollarlıq proqnozdan və 2025-ci ildəki 45 milyard dollardan xeyli aşağıdır. Dünyadakı aviadaşıyıcıların böyük əksəriyyətini təmsil edən İATA-nın baş direktoru Villi Uolş bildirib ki, şirkətlər yanacaq qiymətlərindəki şokun əsas zərbəsini öz üzərinə götürürlər: "Bilet qiymətləri artsa da, şirkətlər bu artımın bir hissəsini hələ də öz daxili resursları hesabına qarşılayırlar". Təşkilatın məlumatına görə, 2026-cı ildə aviasiya yanacağının bir barelinin orta hesabla 152 dollar olacağı gözlənilir ki, bu da 2025-ci illə müqayisədə təxminən 70% çoxdur. Bu vəziyyət qlobal aviasiya yanacağı xərclərini ötən ilki 252 milyard dollardan 350 milyard dollara qaldıracaq. İATA proqnozlaşdırır ki, 2026-cı ildə yanacaq aviaşirkətlərin əməliyyat xərclərinin 31%-dən çoxunu təşkil edəcək, ötən il isə bu göstərici 25% idi. Nəqliyyat Statistikası Bürosu bildirib ki, aprel ayında ABŞ-da bir qallon təyyarə yanacağının qiyməti 4.11 dollar olub. Ötən ilin aprelində isə bu qiymət 2.31 dollar təşkil edib.
Mənbə
oxu.az