Dünya
Ermənistanda müxalifət liderinin sərvəti müsadirə edildi - FOTO
Ermənistanda Çiçəklənən Ermənistan Partiyasının lideri Qaqik Sarukyana məxsus onlarla və yüzlərlə daşınar və daşınmaz əmlak müsadirə edilib. Oxu.Az-ın "Sputnik Ermənistan" nəşrinə istinadən xəbərinə görə, bu barədə Ermənistan Məcburi İcranın Təmin Edilməsi Xidmətindən məlumat verilib. Məlumata görə, əmlaklar üzərində həbslər Sarukyanla əlaqəli onlarla şirkətin və hüquqi şəxsin səhmləri və paylarını təsir altına alıb. Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi tərəfindən verilən siyahıya əsasən, borclu Qaqik Sarukyana məxsus 29 daşınmaz əmlak, 488 daşınar əmlak, 33 nəqliyyat vasitəsi və 27 müxtəlif şirkətdəki səhmlər payı müsadirə edilib. Həmçinin onunla əlaqəli 40 hüquqi şəxsin səhmlərinə və paylarına, eləcə də onlara məxsus əmlak üzərinə həbs qoyulub. Eyni zamanda, İstintaq Komitəsi tərəfindən onun malikanəsində aparılan axtarış zamanı tapılan külli miqdarda nağd pul və zinət əşyaları da müsadirə edilib. Başqa bir icra prosesi zamanı Sevan gölünün sahil zonasında yerləşən Sarukyana məxsus daşınmaz əmlak və tikililər üzərində mülkiyyət dəyişiklikləri və hər hansı qanunsuz hərəkətlər qadağan edilib. Xatırladaq ki, Qaqik Sarukyan fırıldaqçılığın təşkilində və xüsusilə külli miqdarda pul vəsaitlərinin leqallaşdırılmasında (yuyulmasında) ittiham olunur. İstintaqın versiyasına görə, 2022-2024-cü illərdə onun rəhbərliyi altında fəaliyyət göstərən qruplaşma Ermənistan-İran arasında ticarət-iqtisadi əlaqələrin inkişaf etdirilməsi bəhanəsi altında İran vətəndaşlarının iştirakı ilə birgə strukturlar, o cümlədən Ermənistan-İran Ticarət Palatasını yaradıb. İddia edilən saxtakarlıq sxemi nəticəsində, istintaqın məlumatına görə, dövlətə 21 milyon dollardan çox ziyan dəyib. Digər bir epizod yanacaq təchizatı müqaviləsi ilə bağlıdır. İstintaqın versiyasına görə, Sarukyan başqa bir şəxslə birlikdə İran vətəndaşından saxtakarlıq nəticəsində 934 000 dollarlıq oğurluq edib. Vəhşi heyvanların və quşların qanunsuz ovlanması ilə bağlı da ayrıca cinayət işi açılıb. İş adamının malikanəsində axtarış zamanı üç şir, dörd pələng və 190 içi doldurulmuş heyvan və quş müqəvvaları aşkar edilib. Heyvanlara daşınmaları üçün yuxu iynəsi vurulub: pələnglər İrəvan zooparkına aparılıb, dişi şirlərdən biri yuxuya verildiyi zaman ölüb. İstintaqın versiyasına görə, qanunsuz ov nəticəsində ətraf mühitə dəyən ziyan 81 000 dolları keçib. Bundan əlavə, Sarukyanın həbsindən sonra onun barəsində vergidən yayınma maddəsi üzrə cinayət işi başlanıb.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az